Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamda qeyd olunub.
"Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, "Aşağı Karvansaray" kompleksi, "Şəki xanlarının evi" bərpa olunmuş, ən müasir tələblərə cavab verən "Şəki Saray", "Sheki Palace" və "Yaffle İnn" mehmanxanaları, "Şəki Park" istirahət mərkəzi, "Marxal" Müalicə-İstirahət Kompleksi inşa edilmiş, ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Şəki şəhərində mütəmadi olaraq keçirilən beynəlxalq "İpək Yolu" musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəki rayonunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə qərara alıram:
1. Şəki rayonunun Kiş kəndindəki "Kiş alban məbədi"nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".
***
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Abasova Aygün Elşad qızı
Səlimov Yalçın Ramiz oğlu".
***
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:
Ağayeva Püstə Tofiq qızı
Məlikova Təranə Nadir qızı
Zeynalova Rəma Mais qızı".
***
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilsin:
Əfəndiyev Toğrul Rasim oğlu
Əsədova Xədicə Vəli qızı
Həbibova Sevda Nürəddin qızı
Məlikova Əminə Zakir qızı
Nuriyeva Mehriban Qulam qızı".