30 Sentyabr 2017 02:58
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-29-da Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Müasir dünyəvi dövlətdə İslam” mövzusunda beynəlxalq konfrans keçirilib.

19 ölkənin hökumət nümayəndələri, ilahiyyatçıları və ruhanilərin iştirak etdiyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyatçı Aqil Şirinov təmsil edib.

Teleqraf.com-un məlumatına görə, tədbirin təşəbbüskarı olan Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev çıxışında bildirib ki, dünyada sülhə və sabitliyə nail olmaq üçün milli dəyərləri qorumaq və gücləndirmək lazımdır.

Onun sözlərinə görə, yad dəyərlərin İslam adı altında təqdim edilməsi dözümsüzlüyə və nifaqa səbəb olur: “Bu ideoloji fikir ayrılıqlarından istifadə edən din pərdəsi altında gizlənmiş radikal və ekstremist qüvvələr insanların arasına hərc-mərclik salır, silahlı iğtişaşlar və terror aktları törədirlər. Dünyanın heç bir ölkəsi bu cür təhlükələrdən sığortalanmayıb”.

Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı “Dünyəvi dövlətdə İslam: Azərbaycan nümunəsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, sovetlər dağıldıqdan və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dinə sərbəstlik verilib, milli-mənəvi dəyərlərə qayıdış prosesi başlayıb və dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu gün ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı tam təmin olunub, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb: “Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul olunub ki, bu sənəd vicdan azadlığı sahəsində dünyada ən demokratik qanunlardan biri kimi qarşılanır.

Ölkəmiz dinə, vicdan azadlığına münasibətdə nümunəvi dövlətə çevrilib. Sovet dövründə Azərbaycanda məscidlərin sayı 17 olduğu halda, hazırda ölkədə 2248 məscid, o cümlədən 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir”.


Müəllif: Cavad

Oxşar xəbərlər