Son günlər üzrə respublikanın çaylarındakı sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 110-120 və Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 19,5 m3/s olmaqla, ongünlük normanın 20 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 34, Şirvanda 30, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 35 sm artım, Bankədə isə 11 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 364 sm (2016-cı il sentyabrın 29-da 475 sm), Şirvanda 221 sm, Salyanda 147 sm (2016-cı il sentyabrın 29-da 325 sm), Bankədə 201 sm (2016-cı il sentyabrın 29-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2016-cı il sentyabrın 29-da 193 sm) təşkil edir.