12 Oktyabr 2017 20:59
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Azərbaycan parlamentinin İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında (İƏT Pİ) nümayəndə heyətinin rəhbəri, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva oktyabrın 7-8-də İƏT Pİ İcraiyyə Komitəsinin İranın paytaxtı Tehranda keçirilən 38-ci iclasında iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə əvvəlcə büro üzvləri seçilib, katibliyin hesabatı dinlənilib, İƏT Pİ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə edilib. Sonra dörd ixtisaslaşmış komitənin yığıncaqlarının gündəlik layihələri tərtib edilib, yardımçı orqanların növbəti yığıncaqlarının gündəlikləri qəbul olunub.

Tədbirdə İƏT Pİ İcraiyyə Komitəsinin 38-ci iclasının hesabatı və Bəyannaməsi hazırlanaraq qəbul edilib.

İƏT Parlament İttifaqı İcraiyyə Komitəsinin 38-ci iclasında qəbul olunmuş Bəyannamədə Fələstin milli birliyinə nail olma üçün göstərilən bütün səylər və atılan addımlar alqışlanır, Fələstin Dövlətinin İnterpol təşkilatına üzv olması alqışlanır, terrorizmin bütün formaları qınanılır, terrorizmlə mübarizənin aparılması, onun kökündə duran səbəblərin aradan qaldırılması üçün dünyanın bütün ölkələri konstruktiv əməkdaşlığa çağırılır. Bundan başqa, Myanmada Rohinca müsəlmanlarına qarşı törədilən qətliamdan narahatlıq bildirilir, Myanma səlahiyyətliləri və buddist ekstremistləri Rohinca müsəlmanlarına qarşı apardıqları hərbi əməliyyatları dayandırmağa çağırılır.

Bəyannamədə, həmçinin qeyri-müsəlman ölkələrində müsəlman azlıqlarının təməl hüquqlarının istifadəsi məsələsi əksini tapır, öz yurdunu tərk etməyə məcbur edilən, həmçinin işğal altında yaşayan, sıxışdırılan müsəlmanların, milyonlarla qaçqının çəkdiyi əziyyətlərə dair narahatlıq bildirilir. Müsəlmanların inanclarının müdafiəsində, islamofobiyaya və dinin, onun simvollarının alçaldılmasına qarşı mübarizədə İƏT Pİ-nin rolunun vacibliyi qeyd olunur.

Gövhər Baxşəliyeva Tehranda Ermənistanın işğalçı siyasətinə qarşı İƏT Pİ-nin tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağda, xüsusən də Xocalıda Ermənistan silahlı birləşmələrinin törətdikləri vəhşiliklər haqqında ərəb dilində ətraflı məlumatı əhatə edən mətni təşkilatın aylıq bülletenində çap olunmaq üçün İƏT Pİ-nin baş katibi Mahmud Erol Kılıca təqdim edib.

Milli Məclisin deputatı Tehran səfəri çərçivəsində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşüb. Görüşdə fikir mübadiləsi aparılıb, səfirlik tərəfindən mədəni sahədə görülən işlər, keçirilən tədbirlər, dərc edilən dərgi haqqında məlumat verilib.

Qeyd edək ki, İƏT Pİ-nin növbəti sessiyası 2018-ci il yanvarın 10-15-də Tehranda keçiriləcək. Sessiyada təşkilata yeni rəhbər heyət seçiləcək.

Həmin tarixlərdə Tehranda Müsəlman Qadınlarının VII Konfransı da keçiriləcək. Akademik Gövhər Baxşəliyeva konfransa məruzəçi təyin olunub. O, tədbirdə müasir Şərq qadınının problemləri və qarşıda duran vəzifələr barədə məruzə edəcək.


Müəllif: Teleqraf.com