13 Oktyabr 2017 16:59
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasinda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib. Onun sözlərinə görə, bu məsələ “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni - 21.4 bəndi əlavə edilir.

Əlavəyə əsasən, yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventor və digər vasitələrlə əvəzsiz təmin olunurlar. Yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılır.

Maddənin 12.3-cü (Yaşıllıqların uçotu, kadastrı və monitorinqi) bəndinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanında toplanır və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

Dəyişikliyə əsasən, bələdiyyələrin səlahiyyətləri artırılır. Belə ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları toplayacaq.

Maddənin 14.7-ci (Yaşıllıqların bərpası) bəndinə də dəyişiklik edilir. Dəyişikliklə yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

"Çayçılıq haqqında” qanunun 10-cu maddəsinə də dəyişiklik təklif edilib. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna və “Toxumçuluq haqqında” qanunda dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq.

Qanun layihələrinə münasibət bildirən komitənin sədr müavini Eldar Quliyev, ekspert Zahid Abbasov, deputatlar Elçin Quliyev, Cavanşir Paşazadə, Novruz Aslan hər iki qanun layihəsini məqsədəuyğun saydılar.


Müəllif: Cavad