13 Oktyabr 2017 17:26
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci ildə Azərbaycanda 73 İİV infeksiyalı hamilə qadın aşkarlanıb.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, ötən il həmin qadınlardan 45-i dünyaya övlad gətirib: “28 hamilə qadın isə bu il ana olacaq. İnfeksiya hamiləlik dövründə aşkarlandığı üçün qadınların dünyaya gətirdiyi uşaqda infeksiyaya yoluxma faktı aşkarlanmayıb. Çünki hamiləlik dövründə infeksiyanın anadan uşağa ötürülməsi üçün xüsusi dərmanlar verilir”.

Natiq Zülfüqarov Azərbaycanda homoseksual yolla İİV infeksiyasına yoluxma hallarından da danışıb: “Bu yolla İİV-ə yoluxma halları artıb. İİV-ə yoluxma 45,5% infeksion narkotik istifadəsi, 43,2%-i heteroseksual, 2%-i isə homoseksual nəticədə olub. 1,9%-də anadan uşağa keçməklə baş verib. Yoluxanların 7,4% -də yoluxma yolu müəyyən edilməyib”.

Şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. İİV-ə yoluxanların 3796-sı kişi, 1473-ü qadındır.


Müəllif: İlhamə Əbülfət