Yaşasaydı, bu gün 39 yaşını qarşılayacaq, yəqin imkan tapıb ad gününü də qeyd edəcəkdi. Ancaq tale ona 39-u adlayıb 40-a yetişməyə izn vermədi.
Teleqraf.com xəbər verir ki, noyabrın 1-i şəhidlik zirvəsinə ucalmış Urfan Vəlizadənin doğum günüdür.
Ailə artıq 2-ci ildir onun doğum gününü onsuz qeyd edir.
Urfan 1978-ci ildə Bakıda anadan olub. Məktəbi bitirən kimi Türk Hava Hərb Məktəbinə daxil olub. 5 il orda təhsil aldıqdan sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb.
8 il sonra sinif yoldaşı Könüllə təsadüfi görüş onun ürəyində gizlətdiyi sevgini yenidən alovlandırır və bu dəfə cəsarətlənib qıza ürəyini açır.
Heç vaxt hərbçiylə ailə qurmayacağını düşünən Könül xanımın könlünün ələ almağı bacarır. 3 il sonra, 26 iyun 2006-cı ildə həm Milli Ordunun yaranması, həm də Könülün ad günündə ailə qururlar. Bu evlilikdən Zəhra və Betül adında iki qız dünyaya gəlir. Urfan həmişə 3 qız atası olmağı arzulayırmış.
Şəhidin həyat yoldaşı Könül Vəlizadə Urfanın gözəl ailə başçısı, mehriban həyat yoldaşı, vətəninə sonsuz məhəbbətlə bağlı bir insan olduğunu deyir:
“Evli olduğumuz on il ərzində hərbçi arvadı olduğumu hiss etdirmədi mənə. Nə vaxt imkan tapırdısa, ailəlikcə bizi gəzməyə aparardı, Zəhranın dərsləri ilə məşğul olardı. Deyirlər, hərbçilər sərt olur. Urfan işində ciddi olsa da, ailəsinə qarşı heç vaxt sərt, kobud davranmayıb”.
Könül xanım deyir ki, Urfan sonuncu dəfə vəd verib, amma bu vədə əməl edə bilməyib:
“Martın 31-i günorta idi. Dedi, Könül, evə gəlirəm, amma gedəsi olacam. Çantamı yığ. Qaçaraq gəldi, tələsik yeməyini yedi. Qəribə görünürdü... Soruşdum, nə olub? Dinmədi. Uşaqları çoxlu öpdü, iylədi və qalxdı. Dedi, tələsirəm. Çantasını da götürüb evdən çıxdı. Mənə söz verdi ki, qayıdacaq...”
Deyirlər, insan öləcəyini öncədən hiss edir. Urfanın döyüş yoldaşları Könülə danışıb ki, aprelin 2-də Füzuli istiqamətində ikinci dəfə havaya qalxan Mİ-24 vertolyotu vurulmamışdan öncə Urfan vertolyotda olan Təbriz Musazadə və Əbubəkir İsmayılovla zarafatlaşır: “Hər kəs öz yerində əyləşsin. Sonra tabutlarımız səhv düşər, mənimkilər səni, səninkilər məni ağlayar...”
Kimin ağlına gələrdi ki, zarafatla deyilən söz həqiqətə çevriləcək.
Ancaq xalq öz şəhidini heç vaxt unutmur, illər, əsrlər keçsə də, qarşıdakı nəsillər belə igidlərin adını yaşadacaq, onlardan örnək götürəcək. Nə gözəldir fani dünyada əbədi yaşamaq...
Qeyd edək ki, Urfan Vəlizadə 2016-cı ilin Aprel döyüşlərində şəhid olub. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.