"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən yeni dəyişiklik layihəsi hələ qüvvəyə minmədiyi və bu səbəbdən hələ dərc edilmədiyi üçün onunla detallı tanış deyiləm, amma Milli Məclis deputatlarının mətbuata verdikləri açıqlamalara görə, söhbət nümayəndəlik institutunun məhdudlaşdırılmasından gedir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Vüqar Səfərli "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, qanuna edilmiş dəyişikliyə əsasən, nümayəndəlik səlahiyyəti yalnız yaxın qohum və Vəkillərə Kollegiyasının üzvü olan vəkillərə aid olunur:
“Qanun dərc edilmədiyi üçün onunla tam tanış deyiləm. Bu il dekabrın 1-dək prezident qanun layihəsini geri qaytarmazsa, onu imzalayacaq və qanun qüvvəyə minəcək. Ondan sonra bütün detalları müzakirə etmək olar.
Bununla belə, mənim bəzi qeydlərim var. Bu, hüquqi cəmiyyət qurmaq yolunda o qədər də uğurlu dəyişiklik deyil. Ona görə ki, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin əlindən nümayəndə olmaq səlahiyyətinin alınması diplomlu hüquqşünasların işsiz qalması deməkdir.
Deyilənlərə görə, qanun həm hüquqşünaslara, həm də qeyri-hüquqşünaslara aiddir. Məsələn, praktiki hüquqşünaslar qrupu var və orada təklif irəli sürülmüşdü ki, qanun layihəsi ilə nümayəndəlik məhdudlaşarsa, bu, peşəkar hüquqşünaslara şamil olunmasın. Bu məhdudiyyətin başqa peşə sahiblərinə və etibarnamə ilə fəaliyyət göstərənlərə aid edilməsi mümkündür.
Yeni qanuna əsasən, məhkəmədə yaxın qohumlar nümayəndə ola bilər, yəni ana, ata, bacı, qardaş, nənə, baba və Vəkillərə Kollegiyasının üzvü olan vəkillərə bu səlahiyyət veriləcək. Dolayısıyla vətəndaşın seçim imkanları məhdudlaşır.
Deyək ki, dünənə qədər vətəndaş istəyərdisə vəkilə, hüquq şirkətinə, nümayəndəyə müraciət edirdi. Artıq yeni qanunla bu imkanlar əldən çıxır. Xarici ölkələrdə vəkillərin müxtəlif qurumları olur. Bizdə isə yalnız bir Vəkillər Kollegiyası var. Ölkəmizdə 10 min nəfərə 1 vəkil düşür. Bu rəqəm çox azdır. Yaxşı olardı ki, bu qanun Azərbaycanda vəkillərin sayının artmasından sonra qəbul edilərdi”.
Vəkil Eldar Qədimi bu qərarı müsbət qarşılayıb:
“Hesab edirəm ki, bu, yaxşı haldır. Çox nümayəndələr var ki, heç nə bilmirlər, gəlib ondan-bundan soruşurlar. Bu isə keyfiyyəti aşağı salır”.
Vəkil Mirismayıl Hadı hesab edir ki, hər şey qanuna uyğun olaraq icra olunmalıdır:
“Qanun saqqız deyil ki, çeynəyib atasan. Bəzi yoldaşlar elə bilir ki, onlar istənilən sahə ilə məşğul ola bilərlər. Ancaq nümayəndəliklə məşğul olan bəzi şəxslər vəkil olana qədər vəkillərlə mübarizəyə qalxırlar. Qanuna dəyişiklik ona yönəlib ki, bizim ölkədə vəkillik institutu doğurdan da təşəkkül tapsın. Ölkəmizdə təcrübəsi oldu-olmadı, istənilən şəxs taksi sürdüyü kimi istənilən vətəndaş da vəkillik etmək sevdasına düşür. Bu qərar isə artıq peşəkar və savadlı kadrların işləməsinə şəraət yaradacaq”.
Qeyd edək ki, Milli Məclisdə keçirilən plenar iclasda "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.Layihəyə əsasən, fiziki şəxsin yalnız yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə veriləcək.