#MeToo (Mən də) – bütün dünyada qadınlar həftələrdir ki, həyatlarının hansısa mərhələsində üzləşdikləri cinsi təcavüz hallarının kütləviliyini göstərmək üçün bu həştəqdən istifadə edir.
Bu həştəq sosial şəbəkələrdə başlarına gələn cinsi təcavüzlər, psixoloji təzyiqlər, sataşmalar, qısnamalar, zorlamalar və döyülmələri barədə məlumatları paylaşan qadınlar belə hadisələrin sayının yüz minlərcə olduğunu göstərib.
BBC Azərbaycanca da “Mən də” yazaraq bu kampaniyaya qoşulan bəzi azərbaycanlı qadınlarla müsahibə edib. Siz də belə hadisələrlə üzləşmisinizsə, Facebook səhifəmizə birbaşa mesaj yaza bilərsiniz.
Yaşadığı məhəllənin blokunda… “Valideynlərim mənə inanmadı”
Əminə adlandırdığımız bir qadın 9-10 yaşı olarkən yaşadığı hadisəni danışır:
“Bakının Nərimanov rayonu tərəfdə yaşayırdıq. Binamızın qarşısındakı həyətdə qızlarla oynayırdıq. Həyətə 40 yaşlarında, səliqəli geyimli bir kişi gəldi və bizdən soruşdu: – “Qırmızı paltarlı bir uşaq gördünüzmü, hara getdi?” Mən cavab verdim ki, gördüm. O dedi ki, uşaq onun qızıdır və onunla gizlən-qaç oynayır. O dedi: – “Mənə gizlənməyə kömək edin. O məni tapa bilməsin”. Mənə baxaraq, "gəl, səninlə bloka girək, sənin arxanda gizlənim, bizi tapmasınlar", – dedi.
Mən də axmaq kimi “yox” demədim və bloka getdik. Adi 5 mərtəbəli bina idi, birinci mərtəbənin girişində dayandıq, o mənim arxamda idi. Sonra o dedi ki, gəl, yuxarı çıxaq, yoxsa qızı bizi tapacaq. Və çıxan kimi, o məni pilləkanların dəmirlərinə sıxdı və ailəm, atam-atan barədə suallar verdi. Mən utana-utana cavab verirdim. O isə məni başımdan və boynumdan öpməyə başladı. Qorxurdum və artıq anlayırdım ki, nəsə baş verir…
Sonra o əlini şortikimin içinə saldı, … oynamağa başladı. Şoka düşdüm və əlindən sürüşüb yuxarı, evə qaçdım. Qapını çox döyəndən sonra anam qapını açdı və içəri girən kimi utana-utana “mənə təcavüz etdilər” dedim. Valideynlərim inanmadı. Sonralar bu hadisə yadıma düşəndə də inanmadılar və deyirdilər ki, “yaxşı da!”.
Kişini isə hələ bir neçə dəfə də həyətdə gördüm, amma onun barəsində heç kimə demədim, onsuz da inanmazdılar.
“Bütün bəhanələrimin səbəbi idi…”
30 yaşlı Dənizin hekayəsi isə onun bütün gəncliyinə təsir edib:
“21 yaşım var idi. O adam xalamın həyat yoldaşıdır. Bağa getmişdik, qonaqlıq idi. Mən o evdə böyümüşəm, o adamı mənəvi atam hesab edirdim. Nəysə, axşam orada qaldım. Xalam qızıgilə getmişdi, evdə mən, o və xalamın kiçik nəvəsi vardı. Mənə dedi ki, çay gətir, içək. Mən də çayı gətirdim.
Ağlımın ucundan keçməzdi... bilmirəm, ağlıma pis heç nə gəlmirdi. Bu başladı zarafat etməyə və mənə əl atdı. Başladı məni əlləşdirməyə, mən də başa düşmürəm və ağlıma da gətirə bilmirəm ki, nə baş verir.
Mənə dedi ki, sənə heç nə etməyəcəyəm, amma bu gecə mənimlə yat.
Mən də anlaya bilmirəm nə olub.. sadəcə əlindən çıxıb çölə qaçdım. Evdəkilərə zəng etdim ki, ya taksi göndərin, ya da gəlin məni aparın, burada qalmaq istəmirəm.
Anama dedim. Adam ailənin ağsaqqalı yerində adamdır, çox ağarda bilmədik. Sadəcə çalışdım ki, evlərinə getməyim, üz-üzə gəlməyim.
Anam pis oldu, necə deyim, elə bir adamdır ki, bunu açıb-ağartsan adamlar şoka düşər, inanmazlar, adamın böyük hörməti var, yaxşı adama oxşayır, filan..
Xalam bilmədi. Sadəcə anam özü ilə dalaşdı və ondan sonra qəribə bir şey oldu – biz hara getsək, anam məni tək qalmağa qoymurdu”.
Bu hadisənin gələcək həyatına təsiri barədə suala gəlincə isə, Dəniz qəhərlənərək deyir ki, əslində, bu hər şeyin səbəbi olub: “Bütün bəhanələrimin, sevgilimdən ayrılmağımın, uzun müddət həyatımda heç kimin olmamasının da səbəbi o idi…”
“Əslində hamımız susuruq, amma susmamalıyıq. Bu adamları biabır etməliyik, sadəcə adımızın hallanması bizi sevənləri incidir”.
“Qorxdum ki, qışqırsam, hamı deyər, bu qız özü şərait yaradıb"
30 yaşlı, Günay adlandırılmağını istəyən qadın da uşaqkən başına gələni bölüşüb:
“Təxminən 8-ci sinifdə oxuyurdum, ailəmizlə avtobusla Yesentukiyə gedirdik. Nənəm və babam bir oturdu, anamla kiçik qardaşım bir, mən isə rayonda çox tanınmış Həsən müəllimlə oturası oldum. Məktəbimizin direktoru idi, mən də ona çox hörmət edirdim, adam müəllimdən heç vaxt pis şey gözləməz axı.
Anam arxadan yeməkləri paylayır, mən də buna verirəm, deyirəm “Həsən müəllim, yeyin”. Düşünürdüm ki, direktorla, çox hörmətli adamla oturmuşam, ağlıma heç nə gəlməzdi..
Gecə oldu, yatmaq vaxtıdır. Birdən hiss etdim ki, kimsə əlini ayağıma toxundurur. Oyandım, saf beynimlə düşündüm ki, yəqin Həsən müəllim ayağını səhv salıb, dedim ki, Həsən müəllim, bu sizin ayağınızdır?
Yenə yatdıq.. Birdən hiss etdim ki, kimsə sinəmə əlini vurur və əlini aşağı salmaq istəyir. Mən də şalvar geyinmişdim. Şok oldum və utandım, arxaya keçib babamla yerimizi dəyişdik.
Heç kimə deyə bilmədim, çox pis təsir etdi. Qorxdum ki, qışqırsam, hamı deyər ki, bu qız özü şərait yaradıb...
Sonradan o müəllimi işdən çıxardılar. Başqa qızlara qarşı da əxlaqsızlıq edibmiş.
İndi başıma gəlsəydi, bu barədə açıq danışardım, amma o vaxt özümü gücsüz hiss edirdim. Bizdə qadınlar onlara edilən təcavüzü gizlədir, utanırlar. Amma məncə, bu barədə danışmaq lazımdır ki, qoy, həmin insanlar utansınlar.
“…sanki beynimə mismar batırdılar”
Kimliyini qorumaq üçün Lamiyə adlandırdığımız bir qadın metroda təcavüzlə qarşılaşıb:
“İşdən evə gedirdim. Metrostansiyaların birində qatardan düşdüm, pilləkənləri qalxanda bir kişi budumu çimdiklədi. O an sanki beynimə mismar batırdılar, arxaya döndüm, hec nə olmamış kimi pilləkənləri enirdi, özümdən asılı olmadan elə arxadan başına vurdum. Dönüb gözləri bərələ-bərələ mənə baxırdı.
Mən buna əsəbləşməkdən, bu mənə əsəbləşdi. Baxdım ki, əl qaldıracaq, sifətindən vurdum, ayağı sürüşərək yerə yıxıldı.
Ətrafdakılar da sanki konsertə gəliblər...
O an həm əsəbləşdim, həm də həyəcanlandım. Polis yaxınlaşdı, məsələ ilə maraqlandı. Bu məni heç ağzımı açmağa qoymadı. Başladı qışqırmağa ki, guya durduğu yerdə onu vurmuşam.
Yadımda deyil ona nələr dediyim, amma polis dedi ki, xanım, təhqir etməyin. Dedim ki, bunun nəslini də ortalığa düzsən, azdır.
Çəkildik kənara, dedilər kameraya baxacağıq, bilmirəm baxdılar, ya yox, mənə dedilər ki, izahat yazıb gedin. Mən də dedim ki, heç nə yazan deyiləm, çünki söhbət evdə atama, qardaşıma çata bilərdi. Dedilər, buyurun, gedin.
Qulaqcıq - sataşmaq sözlərini qoruyan cihaz
23 yaşlı Fəzilət Səmədsoy deyir ki, Bakıda elə bir gün yoxdur ki, küçədə ona söz atmasınlar.
“İkinci kursda oxuyarkən metroda gedəndə arxamda əl hiss etdim. Həmin vaxtı mən cinsi təcavüzə qarşı aksiyalarda iştirak edirdim. Bu hadisə öz başıma gələndə dəhşət məni bürüdü. Sadəcə bilgili olduğuma görə, utanmaq əvəzinə, həmin əli çimdikləmişdim. O qışqıranda kim olduğunu görmüşdüm…
Bir dəfə də təxminən üç il əvvəl Çapayev küçəsində evə gedərkən bir nəfər arxamca nəsə deməyə çalışırdı. Mən də qulaqcıq istifadə edirdim….
Deyim ki, qızların çoxu küçədə sataşanları eşitməsinlər deyə qulaqcıq taxırlar. Mən özüm də bunu edirəm.
…Gördü ki, cavab vermirəm, qolumdan yapışdı. Dedi ki, mənə niyə cavab vermirsən? Bu artıq mənim üçün təcavüz idi. Mən özümü müdafiə etdim, onu döyməyə başladım və əlimdən qaçdı.
Bu mənim üçün dəhşət idi. Mən idman edirəm, orada daha zəif birisi olsaydı, bilmirəm axırı necə olardı?
İşə gedərkən azı 5-6 nəfər mütləq nəsə deyir. İstəyir, “Tarqovi” olsun, istəyir 20 yanvar – mütləq kimsə sataşır, adi hal alıb.
Bəzilərinin sözləri əsəbiləşdirir, bəzilərinə fikir vermirsən.. Biri deyir “gözəl görünürsünüz”. Buna fikir vermirəm. Amma bəziləri yaxın məsafədən – “ay xanım, yandırırsan məni” deyir, bu artıq ikrah hissi yaradır.
Bu məni çox narahat edir, çünki məcburi göz yummalı olursan, əks halda hər gün 10 nəfərlə dava etməlisən.
Fəzilət deyir ki, Azərbaycanda zorlanma hadisələrində adətən qurbanlar günahkar hesab edilir.
Onun fikrincə, qınanılma hədəfi düzgün təyin edilmədiyindən zorlanana təzyiq edilir. Buna görə də zorlananlar özləri gizlənməyi üstün tutur.
/BBC/