Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Teleqraf.com xəbər verir ki, konfransı giriş sözü ilə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov açıb.
Y.Mahmudov bildirib ki, konfrans Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı 16 may sərəncamına əsasən keçirilir. O qeyd edib ki, konfransın təşkilatçıları AMEA Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.
Y.Mahmudov qeyd edib ki, institut tərəfindən 2004-2005-ci illərdə nəşr edilən iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın hazırlanması zamanı cümhuriyyət tarixi ilə bağlı xeyli öyrənilməmiş məsələlərin olduğunun şahidi olublar: “Bütün materiallar qaldırıldı və ilk toplu ərsəyə gəldi. Biz qürur hissi keçirdik ki, Azərbaycan xalqı nə qədər zəngin zəka potensialına malikdir. Cümhuriyyəti quranlar sübut etdilər ki, azərbaycanlılar dövlət yaratmağa və onu idarə etməyə qadirdir. Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Şərqin və türk dünyasının ən demokratik respublikasını ilk dəfə Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan 5 il sonra, yəni 1923-cü ildə yaradılıb”.
Y.Mahmudov AMEA Tarix İnstitutunun AXC-nin 100 illiyi ilə bağlı geniş planları olduğunu vurğulayıb: “Yəqin ki, böyük beynəlxalq konfrans keçirəcəyik”.
O, instituta qarşı Rusiyada, İranda və Ermənistanda müəyyən dairələrin hücuma keçdiyini vurğulayıb: “Bu ölkələrdə demək olar hər gün bizim gördüyümüz işlərin əleyhinə yazılar dərc olunur. Bu yaxınlarda İran parlamentinin erməni mənşəli deputatı Karen Xanlarinin (Xanlaryan) həmmüəllifliyi ilə “Arsax” adlı kitab buraxılıb. Bu onu göstərir ki, bizim atdığımız oxlar hədəfə dəyir”.