Azəristiliktəchizat ASC Hesablama Palatasının aşkarladığı nöqsanlara münasibət açıqlayıb.
“Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, həmin nöqsanlardan biri olan Müşahidə Şurasının tərkibi barədə əmr ASC tərəfindən verilmir:
“Azəristiliktəchizat ASC-nin fəaliyyəti ilə bağlı qərarlar idarə heyəti tərəfindən qəbul olunur və sədr tərəfindən təsdiq edilir. Bir çox hallarda sədr birbaşa qərar vermir. Sədrin müəyyən məsələlərdə birbaşa qərar vermək səlahiyyəti də var. Çünki o, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəyə təyin edilib.
Qlobal qərarlar ASC-nin idarə heyətində qəbul olunur. Müşahidə Şurasına kimlərin təyin edilməsi və ya çıxarılması isə ASC-nin səlahiyyətindən aslı deyil”.
Rafiq Əliyev bildirib ki, Azəristiliktəchizat ASC-nin Müşahidə Şurasının tərkibi hazırlanıb: “Şuranın tərkibini Dövlət Əmlak Komitəsi müəyyənləşdirir. Hazırlanan yeni tərkib yaxın müddətdə təsdiqlənməyə veriləcək. ASC-də qeyd edilən qöqsanlar aradan qaldırılıb”.
Qeyd edək ki, Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində Azəristiliktəchizatla bağlı tənqidi məqamlar yer alıb. Orda deyilir ki, ASC-nin cari idarə olunması ilə bağlı məsələlər İdarə Heyəti tərəfindən kollegial qaydada həll edilməyib, İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmayıb. ASC-nin Müşahidə Şurasının tərkibinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi daxil edilməyib.