6 Noyabr 2017 09:50
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemi Bakı metropoliteni 50 il bundan qabaq 1967-ci il noyabrın 6-da istismara verilib.

Teleqraf.com xəbər verir ki, metropolitenin mövcud xətlərinin uzunluğu 36,63 km olmaqla 3 xətt üzərində yerləşən 25 stansiyadan, 1 elektrik deposundan və idarə aparatının da yerləşdiyi texnoloji korpusdan ibarətdir.

Geoloji şərait nəzərə alınmaqla metropoliten stansiyaları, ada tipli olmaqla, 4 konstruksiya tipindən ibarət inşa edilib. Stansiyalardan 1-i yerüstü açıq tiplidir. 8 dərin özüllü stansiyadan 7-si tağtavanlıdır. 16 dayaz özüllü stansiyadan 3-ü tək tağtavanlı, 13-ü isə sütunludur.

Stansiyaların 18-i eskalatorlarla, 2-si liftlərlə və 1-i travolatorla təchiz edilib. Stansiyalarda 5 tipli 95 eskalator, eynitipli 5 lift və 8 travolator fəaliyyət göstərir.

Metropolitenin Qırmızı xəttinin («İçərişəhər - Həzi Aslanov») hazırda uzunluğu 18,80 km-dir və 13 stansiyası var.

1968-ci ildə ilk stansiyası istismara verilmiş Yaşıl xəttin («Xətai-Dərnəgül ») mövcud uzunluğu 15,54 km-dir və 10 stansiyası var.

2016-cı il aprelin 19-da metropolitenin 3-cü – Bənövşəyi xəttinin ilk iki stansiyası («Avtovağzal» və «Memar Əcəmi») istismara verilib. Bu iki stansiya arasında məsafə 2,07 km-ə bərabərdir.

Hazırda metropolitenin iki keçid stansiyası var. Qırmızı və Yaşıl xətlər «28 May» və «Cəfər Cabbarlı», Yaşıl və Bənövşəyi xətlər isə «Memar Əcəmi» stansiyalarında kəsişirlər.

Bakı metropolitenində hər birində 5 vaqondan ibarət qatarlar hərəkət edir. Yeni açılmış Bənövşəyi xəttin stansiyaları isə 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub.

Bütün metropoliten üzrə gediş haqqı vahid tariflə müəyyən edilir və 0,20 AZN təşkil edir. Metropolitendə gediş haqqının yeganə ödəmə vasitəsi «BakıKart» plastik kart sistemidir.

Teleqraf.com Bakı Metropoliteni təbrik edir.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər