Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 5-də növbəti hərrac keçirəcək.
Teleqraf.com xəbər verir ki, budəfəki hərracda müxtəlif çeşidli 111 dövlət əmlakı öz sahibini axtarır.
Onlardan 19-u səhmdar cəmiyyətləri, 17-i kiçik dövlət müəssisə və obyekti, 75-i isə istifadəsiz qeyri-yaşayış sahəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30 faizi 126 min manata yaxındır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Qazax, Mingəçevir, Yevlax, Cəlilabad, Siyəzən, Beyləqan, Şirvan və digər şəhər və rayonlarda yerləşir.
Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Qazax, Şirvan və digər şəhər və rayonlarında yerləşir.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir.