9 Noyabr 2017 09:36
2 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com həkim-androloq Ağa Ağazadə ilə söhbəti təqdim edir:

- Təsəvvür edin jurnalistsiniz və ən yaxın dostunuz, ən gözəl tanıdığınız insanı - Ağa Ağazadəni təqdim edirsiniz...
- Özümə ikinci şəxs kimi yanaşa, öz mənfi və müsbətlərimi rahatlıqla kənardan görə bilən biriyəm. Onun üçün rahatlıqla təqdim edə bilərəm. Həkim androloq Ağa Ağazadə. Kobud olduğu qədər də mülayim, kompromisə getməyi bacaran, dostluq anlayışına daha fərqli və ciddi yanaşan, dostlarını özü seçən adam. Futbol sevgisiylə yaşayan (22 illik oyunçu), ədəbiyyat sevgisiylə böyüyən biri.

- İyirmi iki ildir futbol oynayırsan?
- Bəli 22 ildi. Əvvəl daha ciddi yanaşırdım. Sonra daha ciddi bir seçim qarşısında qaldım və həkimliyi seçdim. O vaxt bir “day-day” faktoru vardı. Amma indi bacarığa, savada daha böyük önəm verilir. Onda elə deyildi. Ona görə də futbolun ardınca gedə bilmədim. O vaxt mənimlə birlikdə, məndən daha yaxşı futbol oynayan biri indi Masallı bazarında xiyar-pomidor satır. Həkimliyi seçməyimə peşman deyiləm. Düzdür, futbolu da paralel hobbi kimi davam etdirirəm, amma əminəm ki, bu işlə ciddi məşğul olsam, bu sahədə daha böyük nailiyyətlər əldə edə bilər, daha yüksək uğurlar qazanardım.

- Səhiyyədə boşluqlar yetərincədir. İnsanlar sağlamlığını çox zaman ölkədən kənarda axtarır. Bizdə güvəniləcək həkim yoxdur, yoxsa yetərincə savadlı həkimlər çox azdır?
- Təbii ki, boşluqlar var. Razılaşıram. Bu bir az da təhsil sisteminin, televiziya sisteminin boşluqlarının nəticəsidir. Problem daha çox ali təhsili pulla başa vuran həkimlərdən qaynaqlanır. Bu da bir başa səhiyyənin, dolayısıyla cəmiyyətin məhvinə gətirib çıxarır. Bilirsiniz necədir, kobud səslənsə də deyim, savadsız insanın heç bir sahədə məsuliyyəti olmur və bu mənada savadsız həkim də məsuliyyət hiss etmədən xəstəyə təyinat verir. Nəticədə başqa fəsadlar yaranır. Beləcə, Azərbaycanda həkim yoxdur deyib, xaricə üz tuturlar. Bu isə o demək deyil ki, ölkəmizdə savadlı kadrlar yoxdur. Qətiyyən. Bizim o qədər savadlı həkimlərimiz var ki.

- O həkimlərdən qurtulub sizə müraciət edənlər olub?
- Təəssüf ki, bizim cəmiyyət göstərişə daha çox aldanır. Yəni, bizdə belədi. İşin mahiyyətindən daha çox göstərişinə üstünlük verirlər. Bizim problemlərin bir qolu da gedib savadsızlığa dayanır. Kütlə savadsızlığı. Əgər sən normal savada maliksənsə, öz xəstəliyinlə bağlı girib araşdırma edəcəksən və bu sahə üzrə daha mütəxəssis birini tapıb ona müraciət edəcəksən. Amma yox, əksidirsə, onda ətrafına müraciət edəcəksən. “Yaxşı həkim tanıyırsanmı?”, “bildiyin yaxşı doktor varmı?”. Ətraf da təbii ki, efirdən, ordan-burdan adını eşitdiyi birini deyəcək və nəticə də budur. Hətta bəzən sonsuzluğu olan xəstəni ürək həkiminə yönəldirlər və o da belə olmalıymış kimi başını salıb öz üsulunca müalicə edir...

- Sağlamlığımla bağlı ciddi problemim vardı. Həkimə müraciət etdim və müalicəsi mümkünmü dedim, cavabı belə oldu: “Mənim müəllimim həmişə deyirdi ki, xəstənin sağalma ehtimalı yoxdursa belə, onun ümidini kəsmə. Yox əgər müalicəsi varsa, ona ümid vermə, başını aşağı sal, müalicəni apar”.
- Məncə, o həkim bunu o anlamda deyib ki, son ana qədər ümid kəsilməz, xəstəyə “get uzan öl” demək düzgün deyil. Eyni zamanda heç bir xəstəyə səni 100% sağaldacağam deyib ümid vermək lazım deyil. Ümumiyyətlə, bir həkimin işi ümid verib, ya ümid kəsməkdən ibarət deyil. Bir həkimin işi sadəcə müalicə etmək, əlindən gələni ortaya qoymaqdır. Məsələn, bir xəstə gəlir, məlum mən androloqam, xəstə cinsi problemlərindən, ya sonsuzluq problemindən danışır, sonra qayıdıb deyir ki, həkim, məni boynunuza götürürsünüz?”. Deyirəm ki, xeyr, boynuma götürə bilmərəm, amma xayalarına baxa bilərəm.

- Pasiyentlərlə nə qədər səmimi olursunuz?
- Mən həmişə səmimi olmağa çalışıram. Hər pasiyent fərqli xasiyyətə malikdir və onlarla səbirli, diqqətli davranmaq mütləqdir.
(Bu arada yeni pasiyent gəlir və mən onların vaxtına girməmək üçün çıxıb çöldə gözləyirəm. Söhbətimizi daha sonra davam etdirmək üçün)

- Kişilik cinsiyyət məsələsi deyil, xarakter məsələsidir deyirlər...
- Tamamilə razıyam. O qədər bioloji kişilər var ki, xarakter olaraq dırnaq arasına düşür kişiliyi. Mənim kifayət qədər qadın dostlarım var ki, xaraktercə min bioloji kişidən üstün və dəyərlidir. Bəzən deyirlər e, qadın-kişi dostluğu mümkün deyil. Məncə, bu fikir qədər primitiv, bayağı səslənən fikir yoxdur. İnsanın öz xarakteri, şəxsiyyəti yerindədirsə, onun cinsiyyətinin fərqi yoxdur. Bir dəfə Ramiz Rövşənlə bir məclisdə idik, dostluqdan söhbət düşdü, o, çox gözəl bir fikir dedi. Dedi ki, “Dostluğu savadlı, istedadlı şəkildə aparmaq lazımdır”. Dostunu özün seçdiyin müddətcə güclüsən.

- Son zamanlar boşanmaların sayı artıb. Sizcə, bu, seksual problemdən dolayıdır, ya bayaq danışdığımız xarakter məsələsidir?
- Qayınana problemindən dolayı (gülür). Həqiqətən də, günümüzdə boşanmaların sayı getdikcə artır. Səbəblərin bir kökü də gəlib cinsi problemlərə, sonsuzluğa bağlanır. Digər səbəblər əlbəttə ki, xaraktersizlikdən və başqa faktorlardan ibarət olur. Hər halda mən öz sahəmin aspektindən yanaşacam. Cinsi problemlərdən dolayı boşanmaların sayı çoxdur. Məsələn, evdə kişinin cinsi problemi olur, xanımı onu qəbul etmir və boşanırlar. Amma bunu daha savadlı yolla həll etmək mümkündür. Günümüzdə bütün bu xəstəliklərin müalicəsi var.

- Homoseksuallıq da artıb?
- Bizdə bu sözün özünə də “ayıbdı” deyə yanaşanlar var. Ancaq tibbi cəhətdən yanaşanda bu da bir istəkdir. Yəni bu, xəstəlik deyil. Sadəcə, fərqli istəkdir. Bu adamların istəkləri, seçimləri budur. Xəstəlik müalicəsi mümkün olan nəyəsə deyilir. Bu insanların müalicəsi yoxdur. Bu istiqamətdə bir neçə əməliyyat da olub. Beyin əməliyyatına qədər gediblər, amma heç bir nəticə əldə olunmayıb. Bu qənaətə gəlinib ki, bu, sadəcə, bir istək və bir seçimdir. Bu hal 20 il öncə də var idi, indi də. Sadəcə, yanaşmalar fərqli idi. O zaman bu tip insanları aşkarlasalar döyə, öldürə bilərdilər, indi isə artıq cəmiyyət, insanlar o qədər məlumatlanıb ki, onları normal qəbul edə bilirlər. Bu gün artıq onlar rahat-rahat televiziyalara çıxıb danışa bilirlər, paradlara çıxırlar.

- Bir də Mövlanə və Şəms sevgisi vardı, bəs o nə idi?..
- Bəli, yenə də o nöqtəyə gəlib çıxırıq. Məlumatlandırmaya. İndiki dövrümüzdə yaşasaydılar, cəmiyyətə onların sevgisini ilahi sevgi kimi sırıya bilərdik? Yox, əlbəttə! İndi də onların bir-birlərinə yazdıqları məktubları oxuyub çoxu bu ilahi sevgiylə razılaşmır. Bir şey də var, təqdimetmə. Bundan çox şey asılıdı. Mövlanə və Şəms sevgisi cəmiyyətin beyninə bu cür yeridilib.

- Bu qədər orqanlar varkən niyə məhs androloq?
- Hər zaman çətini sevən olmuşam. Mən universiteti bitirəndə bu sahədə daha çox boşluqlar var idi. Hətta o vaxt xəstələr bu yöndə problemlərini deməyə utanırdılar. Andrologiya molekulyar sahədir. Çətin olanla mübarizə aparmağı sevirəm. Yəqin ondan irəli gəldi.

- Sosial şəbəkələrdə aktivsiniz. Futbol fəaliyyətiniz, ədəbiyyat sevginizlə bağlı tez-tez paylaşmalar edirsiniz.
- Feysbukda bir Ağa Ağazadə olaraq rəsmi səhifəm var ki, orada ancaq işimlə bağlı məqalələr, bilgiləndirmələr paylaşıram. Bir də var şəxsi səhifəm, orada artıq sadə həyatdakı mən oluram. Bizdə elə düşünürlər ki, həkim, ya məmursansa ancaq çərçivədə olmalısan.

- Sizi izləyirəm, ədəbiyyatla bağlı mövzulara maraqlı şərhlər verir, ya da hansısa bir əsəri maraqlı təhlil edirsiniz. Bu ədəbiyyat sevgisi hardandı belə?
- Məncə, oxumaq, mütaliə etmək hər bir sahənin işçisi üçün vacibdir. Mütaliə etmək həm də ünsiyyət vasitəsidir. Qarşındakı pasiyentlə normal ünsiyyətə girmək üçün sənin söz bazan olmalıdır. Məndə ədəbiyyata sevgini atam yaradıb. Hələ orta məktəbdə oxuyurdum, onda atam mənə Ramiz Rövşənin bir kitabını verdi oxumağa. Bütün şeirləri sevərək əzbərləmişdim..

- “Qarabağ” da qalib gəldi. O vaxt hamı nəsə söz vermişdi. Bəs siz?
- Mən dostlara pivə qonaqlığı demişəm, amma hələ də qalıb, aancaq vəd qüvəddədi.

- Futbola marağın və 22 illik fəaliyyətin izn verir ki, bir az da hazırda gündəm mövzusu olan Qurban Qurbanovdan danışaq.
- Həmişə demişəm, yeganə adamdır ki, 90 dəqiqədə Azərbaycanı, Qarabağı dünyaya tanıda bildi. O, işində məsuliyyəti olan adamdır. Ona görə də əminəm ki, bacaracaq.


Müəllif: Çinarə Ömray

Oxşar xəbərlər