25 yaşdan 44 yaşadək olanlar kişilər arasında vərəm xəstəliyinə yoluxanlar daha çoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova Mass Mediada vərəm infeksiyalı, vərəmlə xəstə şəxslərin həyatı və səhhəti ilə əlaqədar mövzuların işıqlandırılmasına dair təlimdə deyib.
İradə Axundovanın sözlərinə görə, vərəm saç və dırnaqdan başqa hər bir orqanı zədələyə bilir: "Hər bir orqanın vərəmi qəbul etməsi üçün şərait var, amm dırnaq və saçda olan müəyyən hüceyrələr vərəm mikroblarının yayılmasına mane olur. Hər bir orqanın vərəmi olduğu halda vərəm sahəsindən uzaq həkimlər bunu başa düşə bilmir və şəxşi başqa xəstəlik üzrə müalicə edirlər. Bu cür yanaşma düzgün deyil".
Direktor müavini bildirib ki, dünyada effektiv müalicə almış vərəm xəstələrinin sayı artmaqdadır: "Vərəmə İİV-in daha çox yayıldığı Asiya və Afrika ölkələrində daha çox rast gəlinir. Azərbaycan o ölkələrdəndir ki, vərəm xəstəliyi aktuallığını saxlamaqdadır. Vərəm daha ən çox cavan insanlarda rastlanır. Onlara həkimlərdən başqa ailə, icma dəstəyi də lazımdır.
Vərəm diaqnozu qoymaq çox asandır. Saat yarımın içində vərəm mikrobunu tapıb dərmanlara həssaslığı testini edirik. Bu bizə imkan verir ki, lazım olan adekvat müalicəni aparaq.
Vərəm xəstəliyi ilə mübarizə üçün minumum 6, maksimum 24 ayadək müalicə kursu təyin edilir. Müalicə kursunu keçəndə şəxs vərəmdən tam azad olur".
Direktor müavini uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricisinin hər il azaldığını qeyd edib: "Vərəmli xəstələr arasında 4 faiz 0-14 yaş arasında olan uşaq və yeniyetmələrdir. Dünyada isə hər il 10 faiz uşaq və yeniyetmə vərəm xəstəliyinə yoluxur".
İradə Axundova qeyd edib ki, son 5 ildə vərəmlə xəstələnmə sayı azalıb. Yeni xəstələrin sayi 2016-ci ildə (xəstələnmə) hər 100 min əhaliyə 38,9-dur: Ölkədə 7 mindən az insan vərəm xəstəsi kimi qeydiyyatdadır. Onların 3 mindən bir qədər artığı təzə xəstədir. Ölüm sayı 2015 -ci ildə 100000 nəfərə 4,1 idisə, 2016-ci ildə bu rəqəm 3,8-dir. Müalicənin müsbət nəticələri də qalxıb. Həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür.
Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 min nəfərə 53,5 xəstəlik var idisə (hər 100 min əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-ci ildə bu, 100 min nəfərə 38,8-dək azalıb".