14 Noyabr 2017 19:22
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişindaşımada iştirak edən müəyyən sayda avtobuslar hələ də texniki baxışdan keçməyib.

Teleqraf.com xәbәr verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, həmin avtobusları aşkar edib sürücüləri barəsində tənbeh tədbirlərinin seçilməsi üçün son dayanacaqlarda avtobuslara baxış keçirilir:

“Əgər sərnişindaşımada iştirak edən avtobusların texniki baxışdan keçməməsi aşkarlanırsa, sürücü barəsində tədbirlər görülür. Təkcə dünən son dayanacaqda dörd sərnişin avtobusu texniki baxışdan keçmədiyinə görə yol hərtəkətindən uzaqlaşdırılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə sanksiyası tətbiq edilib”.

Bölmə rəisi bildirib ki, bu istiqamətdə işlər davam etdirilir və nəzarət daha da gücləndirilib:

“Nəinki texniki baxışdan keçməyən avtobuslar, digər yük avtomobillərinin sahibləri də nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.


Müəllif: Teleqraf.com