15 Noyabr 2017 08:45
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüflər olsun ki, bəzi strukturlar əhaliyə xidmət göstərərkən, ölkədə gedən islahatların fərqinə varmadan, insanların rahatsızlığına səbəb olan, onların əsəblərini gərginləşdirən yarıtmaz əməllərə hələ də yol verirlər.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov çıxış edib.

O qeyd edib ki, söhbət avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətlərinin koordinasiya olunmayan, sistemsiz fəaliyyətindən gedir:

“Avtomobilin növbəti icbari sığorta vaxtının tamamlanmasına bir aydan çox vaxt qalmasına baxmayaraq, bu şirkətlərdə çalışan əməkdaşlar avtomobil sahiblərinə hər gün ardı-arası kəsilməyən zənglər edib, təkidlə onlara avtomobillərini sığortalamağı təklif edirlər. Zəng edən əməkdaş başa düşmək istəmir ki, zəng etdiyi şəxsin avtomobilinin icbari sığortasının başa çatmasına bir aydan çox vaxt var və vətəndaş öz avtomobilini bu qədər öncədən sığortalamaqda maraqlı ola bilməz. Əksinə, o çalışır vətəndaşa başa salsın ki, yeni sığorta mövcud sığortanın vaxtı başa çatacağı gündən yazılacaq. Ancaq başa düşmək istəmirlər ki, avtomobil sahibi olan vətəndaş onların çalışdıqları sığorta şirkətini bir ay əvəzsiz kreditləşdirməyə borclu deyil”.

F.Yusifov qeyd edib ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər – fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər:

“Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa, təkrar protokollar tərtib edilir və avtonəqliyyat vasitəsinin sahibləri yenidən cərimələnirlər. Bu şəkildə cərimələrin olduğunu bilən hər bir vətəndaş danışıqsız öz avtomobilinin vaxtında icbari sığortalanmasının qayğısına qalacaq”.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər