Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Tolerantlıq örnəyi Azərbaycan" mövzusunda konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran çıxışında bildirib ki, dünyada mədəniyyət beşiklərindən sayılan Parisdə dərc edilmiş nəşrlərdə Məhəmməd peyğəmbərin karikaturası çəkilir: "Bu, islam dininin mənsublarının dini hislərinə toxunmaqdır. Azərbaycanda digər səmavi dinlərə, peyğəmbərlərə qarşı belə münasibət ortaya qoyulurmu? Bizim xalqımız bütün dinlərə hörmətlə yanaşır. Azərbaycanda dini və etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlara münasibətdə heç bir ayrı-seçkilik yoxdur.
İndoneziyadan tutmuş Moldovaya qədər dünyanın 20 ölkəsinin universitetlərində Azərbaycan multikulturalizmi tədris olunması təsadüfi deyil. Azərbaycanın xalqının tolerantlığı dünya üçün bir nümunədir".
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin məruzəsi dinlənilib.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycan Respublikasının Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov dini müxtəlifliyin tolerant əsaslarının təhlili və qorunub saxlanılması, nümunəvi dini tolerantlıq modeli, eyni zamanda Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği barədə çıxış ediblər.