Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
Bakı Şəhər Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.
Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.