Laçın rayonundan köçkün düşmüş Elxan Qəhrəmanov hələ də məcburi köçkünlər üçün yaradılmış şəraitdən istifadə edə bilmir.
O, müəyyən səbəblər üzündən 3 dəfə ağır xəsarət alıb. Hazırda dağınıq skleroz xəstəliyyindən əziyyət çəkir və I qrup əlildir.
Əvvəllər Binəqədi rayonunda yol idarəsinin 5 mərtəbəli inzibati binada yaşayıb. Lakin dördüncü mərtəbəyə qalxıb-düşə bilməyən Elxan Qəhrəmanovun yaşayış vəziyyəti çətinləşdiyi üçün 2008-ci ildə ailəsi ilə birgə qohumunun evinə sığınıb.
Həmin ev isə 1896-cı ildə Nobel qardaşları tərəfindən inşa edilmiş at tövləsidir. O vaxtdan tikilidə heç bir təmir-bərpa işləri aparılmayıb.
Elxan Qəhrəmanov bildirir ki, 15 noyabr 2017-ci il tarixdə, saat 15 radələrində evin tavanı çöküb: “Çökməyə səbəb tavandakı taxtaların çürüyüb tamamilə yararsız hala düşməsidir. Hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdik. “Qaçqınkom”un Sabunçu rayon üzrə şöbəsinə, Sabunçu Rayon İcra Hakimiyyətinə də məlumat vermişik. Səhər tezdən MİS-dən mühəndis gəlib baxıb, evin şəklini çəkib apardı. Amma dedi ki, büdcəmizdə kömək üçün vəsait yoxdur. Olsa kömək edərik.
İki övladım var, biri 16, o biri 13 yaşındadır. Yağış-qar yağanda sel-su evin içindədir. Bütün pəncərələrdən, tavandan içəri yağış dolur. Evin təkcə tavanı yox, ev özü qəzalı vəziyyətdədir. Vəziyyətimlə bağlı I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib, məktub yazmışam. Məktubun ünvanına çatması ilə bağlı bildiriş də almışam.
Bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Heydər Əliyev Fonduna da müraciət etmişəm. Onlardan da məktubun çatması ilə bağlı bildirişlər almışam. İstəyirəm ki, mənim də vəziyyətimi və səhhətimi nəzərə alaraq mənzil şəraitim yaxşılaşsın. Ailəmlə köməksiz vəziyyətdə qalmışam.
Özümün yardıma-qulluğa ehtiyacım var. Belə qaranlıq-rütubətli, hər tərəfi demək olar, açıq evdə ailəmizin digər üzvlərinin də səhhətində problemlər yaranıb. Hamımız revmatizmdən əziyyət çəkirik.
Qabaqdan qış gəlir. O cür şəraitdə yaşamaq mümkünsüzdü. Övladlarım məktəblidir. Onlar üçün elə evdə yaşayıb təhsil almaq olduqca çətindir. Ümid edirəm səsimə səs verən olacaq”.