Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və ölkədə rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə qonaqlar hərbi hissənin ərazisində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər.
Müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.
Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.