17 Noyabr 2017 17:14
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir halda imkan vermir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Milli Məclisin Sosial siyasət komitəsinin son iclasından sonra bəzi KİV-lərdə yer alan fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cari ilin 9 ayında ilkin əlilik təyin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz azalıb: “Son illər əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir halda imkan vermir.

Qeyd edək ki, həmin iclasda bəzi millət vəkilləri tərəfindən səslənən fikirlərdə əvvəlki dövrlərdə, yəni elektron sistem tətbiq olunmamışdan öncə aparılmış əlillik təyinatlarının heç də hamısının şəffaf olmadığı, onların yenidən yoxlanılmasının vacibliyi ifadə edilib.

Elman Babayev bildirib ki, bununla belə, bəzi media orqanları yanlışlığa yol verərək, bu fikirlərin guya son illər aparılmış əlillik təyinatlarına aid olduğuna işarə vuran qeyri-obyektiv mövqe sərgiləyiblər: “Halbuki son zamanlar aparılan islahat tədbirləri əlillik dərəcələrinin verilməsi prosedurunun ekspert-vətəndaş təmasları olmadan, elektron sistem vasitəsilə tam şəffaflaşdırılmasına səbəb olub”.

Əvvəllər təyin olunmuş əlillik dərəcələrinin yoxlanılması ilə bağlı sözügedən iclasda qeyd edilənlərə gəldikdə isə mətbuat xidmətinin rəhbəri hazırda nazirlik tərəfindən bununla bağlı hər hansı iş aparılmadığını, lakin bu məsələyə gələcəkdə baxıla biləcəyinin mümkün olduğunu diqqətə çatdırıb: “Əvvəlki dövrlərdə əlilliyi olan şəxslər hər il təkrar əlillik almaq üçün müraciət etməli olurdular. Bu da onların haqlı narazılığına səbəb olaraq, müəyyən bürokratik hallara şərait yaradırdı. Ona görə də mühüm islahat tədbiri kimi, 2016-cı il yanvarın 1-dək müəyyən edilmiş və həmin vaxtadək müddəti başa çatmamış birinci qrup əlillik sistem tərəfindən avtomatlaşdırılmış şəkildə müddətsiz müəyyən olunub, ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti isə eyni qayfa ilə beş ilədək uzadılıb. Yəni həmin şəxslərin əlilliyinin növbəti qiymətləndirilməsi 2020-ci ildə nəzərdə tutulur”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər