…elə həmin dövrdə SSRİ DTK-nın paqonlarını keşiş cübbəsi altında gizlədən “ictimai fəalı” Gevorq Çorakçyan bütün ermənilərin katalikosu VI Gevorq qismində Moskvaya İ.Stalinlə görüşə çağırılmış, ona “Türkiyə ərazisindəki erməni torpaqlarının” SSRİ-yə birləşdirilməsi məsələsini qaldırmaq və ilk vaxtlar təqribən 100 min erməninin xarici ölkələrdən Şərqi Anadoluda məskunlaşdırılmasını təşkil etmək məqsədilə müvafiq tapşırıqlar verilmişdi. SSRİ-də bu planın həyata keçməsinə o dərəcədə əminlik yaranmışdı ki, hətta Türkiyədən qopardılması nəzərdə tutulan torpaqların inzibati xəritəsi, yeni toponimikası, burada yaradılacaq sosialist təsərrüfatlarının – kolxoz və sovxozların, sənaye müəssisələrinin təyinatı müəyyən edilmiş, onların fəaliyyət planları tərtib olunmuşdu. Üstəlik, Şərqi Anadolu və Qara dəniz bölgəsinin təqribən 20,5 min km2-ə çatan ərazisinin əsas hissəsinin Ermənistan SSR, qalan hissəsinin isə (5,5 min km2) Gürcüstan SSR arasında pay-püşk edilməsi nəzərdə tutulmuşdu. Kreml bu sərsəm planın effektifliyinə o dərəcədə inanmışdı ki, hətta SSRİ Kommunist Partiyasının Siyasi Bürosu yerli ermənilərdən A.Koçinyanı bəri başdan “Ermənistan SSR Kommunist Partiyası Qars Vilayət Komitəsinin katibi” vəzifəsinə təyin etmişdi.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:
Əlbəttə, bu paralellərdə müəyyən fərqlər də ola bilər. Amma o da həqiqətdir ki, ötən yüz il ərzində nə Azərbaycanın, nə də Türkiyənin xarici düşmənlərinin nə tərkibi, nə də məqsədləri dəyişmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, həm Türkiyə, həm də Azərbaycan XXI əsrin əvvəllərindən etibarən sürətli inkişaf yolu keçmiş, “bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etmiş, strateji tərəfdaşlıq nümunəsi göstərmiş, mühüm transmilli layihələrə birgə imza atmışlar. Azərbaycan və Türkiyə arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əməkdaşlıq da davamlı olaraq genişlənməkdədir. Hər iki dövlətin üzləşdiyi süni problemlər isə onların qəti siyasi iradəsi, müstəqil xarici siyasət xətti və fövqəldövlətlərin regiondakı arzuolunmaz geosiyasi və geoiqtisadi mənafeləri ilə əlaqəlidir.
Bundan başqa, Türkiyə Suriya və İraqda baş vermiş hadisələrin, Yaxın Şərqdən olan qaçqınların Avropaya kütləvi miqrasiyası ilə bağlı problemlərin həllində, transmilli iqtisadi layihələrdə və s. öz milli maraqlarını əsas götürərək fərqli siyasət yürütmüş, Qərb dövlətləri ilə bərabərhüquqlu dialoq aparmış, özünün siyasi iradəsini, mövqeyini və potensialını nümayiş etdirmişdir. Bütün kənar təzyiq cəhdlərinə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində qardaş Turkiyənin mövqeyi dəyişilməz qalmışdır. Son illər Türkiyənin daxili siyasətində cərəyan edən proseslər xaricdən nüfuz etdirilən qıcıqlandırıcı təsirlər vasitəsilə ölkədəki etnosiyasi vəziyyətin gərginləşdirilməsinə, bəzi hallarda isə etnik məsələlərin radikallaşdırılmasına zəmin yaratmışdır.
Məhz bu səbəblər üzündən Türkiyənin Avropa İttifaqına daxil olmasına süni maneələr yaradılmış, 2017-ci il aprel ayının 16-da keçirilmiş referendumdan sonra isə onun əleyhinə qərəzli təbliğat kampaniyası daha geniş vüsət almışdır. Bu proseslərin təzahürləri, Qərbin məlum dairələri tərəfindən yönəldilən əsassız iddia və ittihamlar Azərbaycan Respublikasına qərəzli yanaşmalarda da müşahidə edilməkdədir. Belə ki, “Qərbin özünün yaratdığı dünya nizamında bəzən dövlətlərin müstəqil siyasət yeritmək, öz xalqının tələblərinə və istəyinə uyğun yaşamaq hüququna hörmət edilmir. Həm Türkiyə, həm də Azərbaycan dəfələrlə yerli xüsusiyyətlər nəzərə alınmadan Avropanın vahid şablon standartlarının tətbiq olunması nəticəsində əsassız ittihamlarla qarşılaşmışdır”.
Bu barədə faktlar isə kifayət qədərdir. Məsələn, Avropa İttifaqına daxil olan dövlətlərin “erməni məsələsi”nə, eləcə də qondarma “erməni soyqırımı”na münasibəti Avropa Parlamentinin 1987-ci il iyun ayının 18-də qəbul etdiyi “Erməni məsələsinin siyasi həlli haqqında” Qətnamənin müddəaları əsasında tənzimlənir. 2006-cı ildə Avropa Parlamentinin rəsmi Ankaranın qarşısına qoyulan digər tələblərlə yanaşı o da bildirilirdi ki, “Türkiyə Birinci Dünya müharibəsi illərində baş vermiş erməni soyqırımını tanıdıqdan və … öz keçmişini etiraf etdikdən sonra” Avropa İttifaqına daxil ola bilər. Bundan başqa, 2017-ci ilin mart ayında Avropa İttifaqı Türkiyənin Avropa məkanına inteqrasiyasına yönəldilmiş bütün layihələrin maliyyələşdirilməsinin dondurulmasına dair qərar qəbul etmişdir. Xatırladaq ki, Avropa İttifaqı 2014-2020-ci illər ərzində bu məqsədlə Türkiyəyə 4,45 milyard avro məbləğində maliyyə yardımı göstərməyi planlaşdırmış və Ankara indiyədək həmin vəsaitin cəmi 167 milyon avroluq hissəsini ala bilmişdir. 2017-ci ilin aprel ayında isə Avropa Şurası Parlament Assambleyası (AŞPA) son dövrlərdə bu ölkədə baş verən siyasi və etnosiyasi proseslərin, terrorçu-separatçı qruplaşmalara qarşı həyata keçirilən tədbirlərin “siyasi-hüquqi təftişinə” başlamış, Türkiyə konstitusiyasına dəyişikliklər edilməsinə dair 16 aprel referendumundan sonra buradakı demokratik təsisatların fəaliyyətini müzakirəyə çıxarmışdır. Bu zaman səs çoxluğu ilə AŞPA Türkiyədə insan hüquqlarının qorunması sahəsində yaranmış vəziyyətin monitorinqinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Nəticədə, Türkiyənin Avropa Şurası ilə dialoq prosesi geriləyərək, ilkin mərhələyə – 1994-cü il səviyyəsinə qayıtmışdır. Rəsmi Ankara Avropanın növbəti təmənnalı qərarını ədalətsiz və siyasi xarakter daşıması, Qərbdə ksenofobiya, irqi və dini ayrı-seçkiliyin yayılması, xüsusilə burada islamofobiyanın güclü təzahür etməsi ilə əlaqələndirmiş, AŞPA ilə münasibətlərinə yenidən baxacağını bildirmişdir.
Digər tərəfdən, Qərb dövlətlərinin “Almaniya yəhudi soyqırımını qəbul etdiyi kimi, Türkiyə də ermənilərə qarşı soyqırımının törədildiyini təsdiqləməlidir” kimi ultimativ çağırışlarına Türkiyədə də həvəslə qoşulanlar vardır. Məsələn, Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklərə dair keçirilmiş müzakirələrdə HDP-dən olan erməni əsilli millət vəkili Garo Paylanın “Türkiyənin dövlət səviyyəsində ermənilərdən üzr istəməsini” dilə gətirməsi parlamentdə növbəti qalmaqal yaratmışdır. İstanbul erməni icmasının rəhbərlərindən olan Tatevos Bebek isə HDP yönümlü “Bianet” xəbər portalına verdiyi müsahibədə avropalı siyasətçilərin fikirlərini bir daha olduğu kimi təkrarlamışdır. O, rəsmi Ankaranı “erməni soqırımı faktını” məqsədli şəkildə tanımamaqda, “tarixlə üz-üzə qalmaqdan qorxmaqda, keçmişi unutdurmağa çalışmaqda” ittiham etmiş və Almaniyanın sabiq kansleri Villi Brantı rəsmi Ankaraya nümunə olaraq göstərmişdir: “Brant Varşava gettosunda xatirə memorialı qarşısında diz çökmüş, soyqırımı aktlarına görə yəhudilərdən üzr istəmişdir. Nə dəyişdi? O, nə itirdi? İndi bütün dünyanın gözü Türkiyədədir. Hökumət yeni prosesin başlanğıcı üçün hərəkətə keçməlidir. Biz isə əminik ki, arzularımız həyata keçəcəkdir”.
Lakin həm Avropanın, həm də Türkiyənin bəzi siyasətçiləri bu iddiaları dilə gətirərkən iki mühüm amili nəzərdən qaçırmışdır: Birincisi, Osmanlının “milləti-sadiqə” kimi gördüyü ermənilərdən fərqli olaraq, yəhudilər vətəndaşları olduqları dövlətin – Almaniyanın əleyhinə pozuculuq fəaliyyəti göstərməmiş, dövlətə qarşı qiyam etməmiş, xarici dövlətlərlə bir araya gələrək ərazi iddiaları irəli sürməmiş, dinc əhaliyə – qadınlara, uşaqlara və qocalara qarşı kütləvi terror aktları törətməmişlər. Türklər və ermənilər eyni coğrafi məkanda əsrlər boyu sülh və əmin-amanlıq içində yaşamış, hətta Osmanlı imperatorluğu dönəmində onlara xüsusi imtiyazlar da verilmişdi. Hələ XIX əsrin sonunda Osmanlı dövlətinin 22 naziri, 33 deputatı, 7 səfiri, 11 konsulu, 29 yüksək rütbəli hərbçisi etnik erməni olmuşdu. Lakin məhz üzüdönük “milləti-sadiqə” Avropanın və Rusiyanın rişxəndlə “xəstə adam” adlandırdıqları Osmanlı dövlətini yıxmaq və parçalamaq üçün hazırlanmış planın icrasında fəal iştirak etmiş, dinc əhaliyə qarşı kütləvi cinayətlərdə xüsusi amansızlıq və qəddarlıq göstərmişdi.
Böyük Britaniya, Rusiya, Fransa, Yunanıstan və ABŞ-ın işğalçı qoşunlarının tərkibində olan erməni hərbi hissələrinin, missionerlərin, “Daşnak” və “Hınçak” quldur dəstələrinin Anadoluda törətdikləri cinayətlərin izləri indi də qalmaqdadır. Ermənilər bu gün də qondarma “erməni soyqırımı” zamanı guya 600 mindən 800 minədək, bəzi mənbələrdə isə hətta 2,5 milyonadək erməninin öldürüldüyünü iddia etməkdədirlər. Halbuki, onların böyük hissəsi Türkiyə dövlətçiliyinə qarşı vuruşan hərbi qulluqçular, silahlı dəstələrin üzvləri olmuşdur və beynəlxalq hüquqa görə “soyqırımı qurbanları” anlayışı onlara şamil edilmir. Təkcə Rusiya imperiyasının Şərqi Anadoluya yeridilən ordusunun tərkibində 150 min erməni döyüşçüsü var idi. Digər tərəfdən, 1915-1918-ci illərdə Türkiyədə, Azərbaycanda, İranda həmin ermənilərin qətlə yetirdikləri müsəlmanların – Anadolu və Azərbaycan türklərinin, kürdlərin, lazların, çərkəzlərin, ləzgilərin, talışların, avarların, həmşinlilərin, eləcə də daşnaklarla əməkdaşlıqdan imtina etmiş müsəlman ermənilərin ümumi sayı isə 2,5 milyon nəfərdən çox olmuşdu. Bu hadisələr zamanı təkcə müsəlmanlar deyil, minlərlə gürcü, dağ yəhudisi də öldürülmüşdü.
İkinci amil isə bilavasitə qondarma “erməni soyqırımı”nı tanıyan dövlətlərin mövqe və maraqları ilə bağlıdır. Bu dövlətləri şərti olaraq üç əsas qrupa bölmək olar: Birinci qrupa Osmanlı ərazilərinə işğalçılıq yürüşlərində erməni hərbi birləşmələrindən və quldur dəstələrindən fəal şəkildə istifadə edən, lakin ermənilər üçün arzuolunmaz nəticələrə görə onlara “vəfa borcu” olan Antanta dövlətləri – Böyük Britaniya, Rusiya, Fransa və Kiçik Antanta – Serbiya, Bolqarıstan və Yunanıstan daxildir. 1917-ci ildə I Dünya müharibəsinə qoşulan Amerika Birləşmiş Ştatları Antantaya üzv olmasa da, onun Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlarda iştirak etmiş hərbi hissələrində erməni legionerləri də var idi. Bu baxımdan, hazırda ABŞ-ın 50 ştatından 47-nin qondarma “erməni soyqırımı”nı tanıması səbəbləri də “başadüşüləndir”. İkinci qrupda olan dövlətlərin – İtaliya, Vatikan, Slovakiya, İsveçrə, Polşa, Almaniya, İsveç, Belçika, Hollandiya və s. qondarma “erməni soyqırımı”nı tanıması ilk növbədə xristian təəssübkeşliyindən, Avropa İttifaqının qapılarının Türkiyənin üzünə bağlanmaq səylərindən və bu ölkəyə təzyiq cəhdlərindən irəli gəlir. Sonuncu qrupun – Uruqvay, Argentina, Kanada, Livan, Venesuela, Litva, Çili və s. erməni iddialarını təsdiqləməsi isə əsasən bu ölkələrdə erməni diasporu və lobbisinin fəaliyyətinin nəticəsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, “Qərbi Ermənistan əraziləri” məsələsinin dövlətlərarası münasibətlər səviyyəsinə çıxarılmasında keçmiş SSRİ-nin də böyük xidmətləri var idi. İkinci Dünya müharibəsinin son illərindən etibarən, SSRİ hökuməti “əzabkeş erməni xalqını” yenidən irəli verərək onların vasitəsilə əzəli rəqib bildiyi Türkiyəyə qarşı istifadə etməyə başlamışdı. Hələ 1943-cü ilin noyabr ayında SSRİ, ABŞ və Böyük Britaniyanın dövlət rəhbərlərinin iştirakı ilə keçirilmiş Tehran konfransında Türkiyədə yaşayan ermənilərin vəziyyəti məsələsinə də toxunulmuş və ilkin olaraq “tarixi erməni torpaqlarını geri almaq”, perspektivdə SSRİ-nin tərkibində qondarma “Birləşmiş Ermənistan” dövləti qurmaq iddiası da irəli sürülmüşdü. Erməni diasporunun nümayəndələri SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotovla əlaqəyə girərək İran ərazisində yaşayan ermənilərin Sovet İttifaqına kütləvi şəkildə köçürülməsinə dair onların müraciətlərinin İosif Stalinə çatdırılmasını xahiş etmişdilər. Şübhə yoxdur ki, həmin müraciət məhz SSRİ-nin xarici siyasət idarəsinin kabinetlərində tərtib olunmuşdu. Xatırladaq ki, Rusiya imperiyası ilə Türkiyə arasında 1914-cü il sərhədlərini bərpa etmək, strateji əhəmiyyət daşıyan Qars və Ərdahan vilayətlərini SSRİ-yə birləşdirmək, həmin ərazilərdə sovet hakimiyyətinə loyal erməniləri məskunlaşdırmaq Kremlin çoxdankı arzusu idi. 1944-cü ilin iyun ayında isə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qurgen Arutyunov tanınmış tarixçi, akademik Yevgeni Tarleni İrəvana dəvət etmiş, “Qərbi Ermənistan” ərazilərinin sovet Ermənistanına birləşdirilməsi planının “tarixi aspektdə əsaslandırılmasını” ondan xahiş etmişdir. Az sonra Y.Tarle “Türkiyə ərazisinin şərq hissəsinin tarixi Ermənistan torpaqları olması” haqqında arayış tərtib edərək onu SSRİ rəhbərliyinə təqdim etmişdi. Həmin material İ.Stalinin iştirakı ilə müzakirə edilsə də, bu barədə müvafiq qərarın qəbul edilməsi təxirə salınmışdı.
“Soyuq müharibə”nin başlanması, bir vaxtlar faşizmə qarşı mübarizədə müttəfiq olmuş dövlətlər arasında qlobal hərbi, ideoloji və iqtisadi qarşıdurmanın şiddətlənməsi erməni kartını yenidən gündəmə gətirmişdi. SSRİ Ümumittifaq Kommunist (b) Partiyasının Mərkəzi Komitəsi xarici ölkələrdə yaşayan ermənilərin “repatriasiyasına” razılıq vermiş və həmin ilin dekabr ayının 2-də SSRİ Xalq Komissarları Sovetinin müvafiq qərarı hüquqi qüvvəyə minmişdi. Məqsəd “ideoloji cəhətdən hazırlıqlı olan erməni miqrantları” gələcəkdə Türkiyədən qopardılacaq ərazilərə köçürmək və bu toplumdan həmin ölkəyə qarşı siyasətdə fəal istifadə etmək idi.
İlkin plana əsasən, “SSRİ-yə pənah gətirən 400 min əzabkeş erməni” Ermənistan SSR-də yerləşdirilməli, “tarixi vətənlərinə dönmək istəyən” bu toplumun müharibədən yenicə çıxmış ölkədə üzləşdiyi çətin sosial-iqtisadi problemlər qabardılmalı və son nəticədə beynəlxalq ictimaiyyət “zavallı, yurd-yuvasız insanların” Türkiyədə – qondarma “Qərbi Ermənistan” ərazisində məskunlaşmasına dair Sovet İttifaqının təşəbbüsünü dəstəkləməli idi. Elə həmin dövrdə SSRİ DTK-nın paqonlarını keşiş cübbəsi altında gizlədən “ictimai fəalı” Gevorq Çorakçyan bütün ermənilərin katalikosu VI Gevorq qismində Moskvaya İ.Stalinlə görüşə çağırılmış, ona “Türkiyə ərazisindəki erməni torpaqlarının” SSRİ-yə birləşdirilməsi məsələsini qaldırmaq və ilk vaxtlar təqribən 100 min erməninin xarici ölkələrdən Şərqi Anadoluda məskunlaşdırılmasını təşkil etmək məqsədilə müvafiq tapşırıqlar verilmişdi. SSRİ-də bu planın həyata keçməsinə o dərəcədə əminlik yaranmışdı ki, hətta Türkiyədən qopardılması nəzərdə tutulan torpaqların inzibati xəritəsi, yeni toponimikası, burada yaradılacaq sosialist təsərrüfatlarının – kolxoz və sovxozların, sənaye müəssisələrinin təyinatı müəyyən edilmiş, onların fəaliyyət planları tərtib olunmuşdu. Üstəlik, Şərqi Anadolu və Qara dəniz bölgəsinin təqribən 20,5 min km2-ə çatan ərazisinin əsas hissəsinin Ermənistan SSR, qalan hissəsinin isə (5,5 min km2) Gürcüstan SSR arasında pay-püşk edilməsi nəzərdə tutulmuşdu. Kreml bu sərsəm planın effektifliyinə o dərəcədə inanmışdı ki, hətta SSRİ Kommunist Partiyasının Siyasi Bürosu yerli ermənilərdən A.Koçinyanı bəri başdan “Ermənistan SSR Kommunist Partiyası Qars Vilayət Komitəsinin katibi” vəzifəsinə təyin etmişdi.
Lakin daş qayaya rast gəlmişdi. Türkiyə öz ərazisinin bütövlüyünü qətiyyətlə müdafiə etmiş və beləliklə, Moskvanın “ilhaq planı” iflasa uğrasa da, ermənilərin “tarixi torpaqlara dönüşü” prosesinin birinci mərhələsinin startı verilmişdi. Yalnız 1946-cı ildə dünyanın müxtəlif guşələrində yaşayan 130.000 erməni “tarixi vətəndə” – Ermənistan SSR-də məskunlaşmaq barədə ərizə ilə SSRİ hökumətinə müraciət etmişdi. Elə həmin il Ermənistan Sovet Sosialist Respublikasına Yunanıstandan, Suriyadan, Livandan, Bolqarıstandan, İrandan və Rumıniyadan təqribən 60.000 erməni köçürülmüşdü. Bir il sonra isə mühacirlərin sırasına daha 50.000 erməni əlavə olunmuşdu. O da maraqlıdır ki, sovet hökumətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana “repartriasiyası” planının icrasında SSRİ DTK-sı ilə sıx təmasda olan “Daşnaksütyun” partiyası 1947-ci ilin iyununda keçirilmiş XIV konqresində bu məsələni müzakirəyə çıxarmış və bu dəfə Ermənistanın deyil, Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləyən qərar qəbul etmişdi. Bu qərarın əsas müddəalarından biri “repartriantların tarixi vətəndə” yerləşdirilməsi üçün etnik azərbaycanlıların yaşadıqları torpaqların boşaldılmasını və Ermənistan Respublikası sərhədlərinin qonşu dövlətlər hesabına genişləndirilməsini” nəzərdə tuturdu. Yeri gəlmişkən, SSRİ təkrar olaraq 1985-ci ilin iyun ayının 20-də növbəti anoloji tədbirə əl atmış, SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiya edilməsi haqqında” qərar qəbul etmişdi. Erməni köçkünlərinə dair birinci və ikinci qərarların icrası Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yaşayan etnik azərbaycanlıların zor gücünə tarixi torpaqlarından deportasiya edilməsi ilə nəticələnmişdir.
(Ardı var)