28 Noyabr 2017 19:44
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:20

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

***

17:32

Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.

Daha bir sənaye məhəlləsi Azərbaycan Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamına əsasən Masallıda yaradılacaq.

Dövlətimizin başçına məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə isə 3,54 hektar ərazini əhatə edəcək Masallı Sənaye Məhəlləsində üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin aprel ayında müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulub. Tikintiyə cəlb edilmiş işçilərin sayı 200 nəfərdir. Burada sahibkarlar tərəfindən 33 layihə təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara, xalça, süfrə suyu, qida və kənd təsərrüfatı məhsullarının istehsalıdır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.

Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin icrasına - Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə gələn ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda imzaladığı müvafiq Sərəncama əsasən məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.

Azərbaycan Prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama əsasən, Sabirabadda da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.

***

17:44

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.

Məlumat verildi ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Sərgi zallarında 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycanın Xalq Cümhuriyyəti, SSRİ və müstəqillik dövrünün konstitusiyaları, gerbləri, bayraqları, poçt markaları, orden və medallar nümayiş olunur.

Diqqətə çatdırıldı ki, Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi son vaxtlar genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub. Meydandakı iki fəvvarə yenidən qurulub.

***

18:49

Prezident İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.

Dövlətimizin başçısına məlumat verildi ki, hər birinin eni 3 metr olan ikizolaqlı bu avtomobil yolu 4-cü texniki dərəcəlidir. Bildirildi ki, yolun bütün infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Lazımi yerlərdə təhlükəsizlik dirəkləri basdırılıb, yol nişanları, göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib, suötürücü borular salınıb.

Sabirabadda yenidən qurulan bu yol dövlətin öz vətəndaşlarının firavanlığına və rahatlığına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

***

Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılib. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tıkinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır.

Diqqətə çatdırıldı ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir. Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anisteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Beləliklə, ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Buradakı şərait bir daha onu deməyə əsas verir ki, son illərdə səhiyyə sahəsində baş verən dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər mürəkkəb əməliyyatların aparılmasına imkan yaranıb. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü.

Həkim Elmira Zeynalova və fermer Fatma Hüseynova yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Sabirabad rayonunun Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.

Azərbaycanın regionlarının mövcud potensialının daha da inkişaf etdirilməsi, xüsusilə ixracyönümlü və idxalı əvəz edən kənd təsərrüfatı məhsulları istehsalının artırılması, yeni istehsal və emal sahələrinin yaradılması Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də quş əti və yumurta istehsalının sənaye üsulu ilə artırılması, ölkə əhalisinin quşçuluq məhsullarına tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Buna nail olmaq üçün daha çox investorun cəlb edilməsi barədə Prezident İlham Əliyevin yerli icra strukturları qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Sabirabad rayonunun Nizami kəndində quşçuluq müəssisəsi yaradılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, son illər ərzində nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə illik istehsal gücü 60,5 min ton quş əti, 126 milyon ədəd damazlıq və 273 milyon ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 133,4 milyon manat dövlətin güzəştli krediti verilib. Fabriklər dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən müasir texnologiyalar əsasında istehsal olunmuş avadanlıqla təchiz edilib. Belə layihələrdən biri də “Sabirabad Quşçuluq” MMC tərəfindən yaradılmış müasir əmtəəlik yumurta və quş əti istehsalı fabrikidir. Bu fabrik “Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsidir.

Bildirildi ki, 1978-ci ildə fəaliyyətə başlamış və respublikada ilk özəlləşdirilmiş quşçuluq fabriki olan “Hacıqabul Quşçuluq” MMC-də hazırda gündə 1 milyon, o cümlədən 970 min ədəd əmtəəlik və 30 min ədəd damazlıq yumurta istehsal edilir. Fabrik tərəfindən bu ilin ötən dövrü ərzində İraqa və Əfqanıstana 5,5 milyon ədəd əmtəəlik yumurta ixrac olunub. İlin sonunadək ixrac həcminin 10 milyon ədədə çatdırılması nəzərdə tutulub. İxrac coğrafiyası genişləndirilərək Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Belarusa 4,5 milyon ədəd əmtəəlik yumurta ixracı planlaşdırılır.

Qeyd olundu ki, fabrikin ərazisində 10 ferma binası, hər birinin tutumu 2,5 min ton olan 6 silos və gücü saatda 5 ton olan yem zavodu tikilib. Müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat güzəştli kredit və təşviqi sənəd verilib. Fabrikdə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğunun istehsalı nəzərdə tutulub. İstehsal olunan əmtəəlik yumurta və quş əti “Sabirabad Quşçuluq” brendi ilə istehlakçılara təqdim ediləcək. Layihənin icrası nəticəsində 150 nəfər daimi iş yeri ilə təmin olunacaq.

***

Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib.

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yol ayrıcılarının tikilməsi, magistral yolların salınması sosial yönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri Azərbaycanın potensialının tam üzə çıxarılmasına hərtərəfli zəmin yaradır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, ölkəmizdə beynəlxalq və respublika səviyyəli yolların salınması ilə bağlı silsilə layihələr reallaşdırıldığından indi kənd yollarının çəkilişi ön plandadır. Rəmzi “40 yol” layihəsinin gerçəkləşdirilməsi məqsədilə dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı burada genişmiqyaslı torpaq işləri görülüb, qum-çınqıl və iki laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton döşənib. 144 metr uzunluğunda müxtəlif diametrli su ötürücü borular tikilib, kifayət qədər yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər