Məsələ ilə bağlı daşıyıcı tərəfindən Bakı Nəqliyyat Agentliyinə dərhal məlumat verilib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.
Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində də müəyyən edilib ki, nəqliyyat vasitəsi reys qabağı texniki baxışdan keçib:
“Lakin hərəkətdə olan zaman qəfildən məlum texniki nasazlıq baş verib. Agentliyimiz tərəfindən daşıyıcıya analoji halın təkrarlanmaması üçün istehsalat bazasında avtobuslara texniki nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verilib. Bu məsələdə önəmli məsələlərdən biri də sürücünün hadisə zamanı peşəkar davranaraq nəqliyyat vasitəsinin ağır fəsadlara səbəb olan qəzadan yayındırmasıdır”.
Qeyd edək ki, səhər saat təxminən 08:00-08:10 radələrində Bakının Heydər Əliyev prospektində – Bakı Olimpiya Stadionunun önündə içərisi sərnişinlə dolu 198 nömrəli marşrut avtobusu qəzadan son anda xilas olub. Üzü “Koroğlu” metro stansiyasına doğru hərəkətdə olan sərnişin avtobusunun təkəri qəfildən partlayıb. İdarəetməni itirməyən sürücü avtobusu dərhal yolun kənarına çəkib. Avtobusdan düşürülən sərnişinlər həmin istiqamətdə hərəkət edən digər marşrutlardan istifadə etmək məcburiyyətində qalıblar.