29 Noyabr 2017 18:40
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il bayramı yaxınlaşdıqca bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malları gətirməyə cəhd göstərirlər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində aparılan davamlı məlumatlandırma işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bir sıra şəxslər pirotexniki məmulatı təhlükəli üsullarla gömrük nəzarətindən gizlətməyə çalışırlar.

"Xəbər verdiyimiz kimi, artıq işbazlar ağlasığmaz yollara əl atır, sözügedən təhlükəli malları avtomobillərin hətta hərəkətdə olan təkərlərindəki şinlərin içərisində gizlətməklə ölkənin gömrük ərazisinə gətirməyə cəhd edirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır. Son günlər həyata keçirilən əməliyyat tədbirləri və gömrük yoxlamaları zamanı bir neçə belə fakt aşkar edilib", - deyə məlumatda vurğulanıb.

Daha bir oxşar fakt Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda qeydə alınıb. Gürcüstandan Azərbaycana gələn Azərbaycanın vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə, avtomobilin təkərlərinin içərisində 80 ədəd "Big cracker" və 18 ədəd "Draggon eggs cracker" markalı pirotexniki vasitələr aşkarlanıb.

Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.

DGK bir daha nəzərə çatdırır ki, belə hallara yol verən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər