29 Noyabr 2017 17:30
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZƏRTAC Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsi və ölkənin bütün sahələri haqqında məlumatların dünyaya çatdırılmasında böyük işlər görür. Agentliyin beynəlxalq media məkanında artan rolunun, ölkədən xaricdə fəaliyyətinin genişlənməsinin biz də şahidiyik.

Bu fikirləri amerikalı jurnalist, politoloq Piter Teys AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə görüşdə deyib. Jurnalist Azərbaycanda olduğu iki ay ərzində ölkənin qədim tarixi, mədəniyyəti, bir sıra regionları ilə yaxından tanışlıq imkanı qazandığını söyləyib.

Baş direktor qeyd edib ki, Azərbaycan haqqında məlumatların dünyada yayılması istiqamətində mütəmadi iş aparan AZƏRTAC tərəfdaşları ilə xəbər mübadiləsi həyata keçirir, qlobal informasiya resurslarının imkanlarından istifadə edir. Agentliyin hazırda Dünya Xəbər Agentlikləri Konqresi (NAWC) və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik etdiyi, bunun dünyanın 100-dən çox agentliyi ilə əlaqələr yaradılmasına yol açdığı diqqətə çatdırılıb. Piter Teysin AZƏRTAC ilə uzun müddətdir əməkdaşlıq etdiyini deyən baş direktor onun yazılarını Azərbaycan haqqında obyektiv məlumatların daha geniş auditoriyaya çatdırılması işinə böyük töhfə kimi dəyərləndirib.

Piter Teys Azərbaycanı yaxından öyrənmək üçün ona yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, Naxçıvana səfər etdiyini, orada infrastrukturun inkişafına şahidi olduğunu, Tərtərdə dövlətin məcburi köçkünlər üçün yüksək şərait yaratdığını deyib. “Səfərimi başa vurduqdan sonra ölkənizin inkişafı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş torpaqları haqqında məqalələr dərc edəcəyəm. Azərbaycana səfərimin əsas məqsədi də bu münaqişəni daha ətraflı araşdırmaqdır”, - deyə Piter Teys bildirib. Amerikalı politoloq tezliklə “Azərbaycanın xarici siyasəti. Dünyada sülh və əmin-amanlığa töhfə” adlı kitabının çapdan çıxacağını, orada Azərbaycanın beynəlxalq aləmdə yeri, ölkənin, medianın və həmçinin AZƏRTAC-ın sülh və sabitliyə töhfələri haqqında geniş məlumatların əks olunacağını deyib. O, AZƏRTAC ilə birgə gələcəkdə Dağlıq Qarabağ münaqişəsi və digər sahələr üzrə videoların hazırlanıb ingilis və ispan dillərində yaymağın mümkünlüyünü də söyləyib.

Görüşdə amerikalı jurnalistin və AZƏRTAC-ın birgə layihələr həyata keçirməsi, müasir medianın aktual problemləri, Azərbaycanın keçdiyi inkişaf yolu ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər