Azərbaycan 2017-ci ilin İslam Həmrəyliyi İli münasibəti ilə “İslam Həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusundə konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney qeyd olunan ilin islam ölkələri arasında əməkdaşlığa əhəmiyyətli təsirindən danışıb:
“Prezidentin sərəncamı ilə elan edilən İslam Həmrəyliyi ili başa çatmaq üzrədir və bu müddət ərzində silsilə tədbirlər keçirilib. Bu tədbirlərin ən yüksəyi ölkəmizdə təşkil edilən İslam Həmrəyliyi Oyunları oldu. İslam Həmrəyliyi ilinin elan edilməsi islam ümməti üçün mühüm hadisədir. Çünki islam ölkələri təriqət və digər səbəblərdən tarix boyu mübarizədə olub. Bir çox hallarda bu mübahisələr müharibələrlə nəticələnib.
Acınacaqlı haldır ki, müsəlmanlara düşmən kimi baxan bəzi dairələr bundan istifadə edib və bu gün də istifadə etməkdədirlər. Buna görə də Azərbaycan Prezidentinin təşəbbüsü ilə qeyd edilən bu ilin mənası çox böyükdür. Bəzi qərb dairələri islamın sülh dini olmasını nə eşitmək, nə də anlamaq istəyirlər. Bu mənada İslam Həmrəyliyi ilinin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlaşılır”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev tədbirin islam ölkələri arasında yaxınlaşmaya, tanışlığa xidmət etdiyini deyib:
“İslam bizi birləşdirən ortaq dəyərdir. Burada Misirin ən tanınmış media orqanlarının rəhbərləri də bizimlədir. Onlar arasında 1milyondan çox tirajı olan mətbuat orqanları var. Bu tədbir islam ölkələrinin problemləri ilə tanış olmaq, əlaqələr qurmaq baxımından çox önəmlidir. İnanıram ki, bu görüşlər Misir-Azərbaycan jurnalistləri arasında davamlı münasibətlərin əsasını qoyacaq”.
Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışı zamanı belə görüş və tədbirlərin iki ölkə arasında media müstəvisində yeni bir mərhələnin başlanğıcı olacağını deyib:
“Bu, Misir media qurumları nümayəndələrinin bildiyim qədəri ilə ölkəmizə ilk səfəridir. Həmin təmsilçilərə bildirmək istəyirəm ki, İslam Əməkdaşlıq Təşkilatı və ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin qurulması olduqca vacib məsələdir. Bu səfər iki ölkə arasında media müstəvisində yeni mərhələnin başlanğıcı olacaq. Azərbaycan islam sivilizasiyasının formalaşmasında mühüm tövhə vermiş dövlətdir. Azərbaycan ərazisində tikilən məscid, dini abidələr dövlət tərəfindən qorunub günümüzə qədər gəlib çıxıb.
Tarix boyu Azərbaycanda dinlər, məzhəblər arasında həmrəylik olub. Azərbaycan islam həmrəyliyi modelini yaradıb və bu model islam ölkələri tərəfindən öyrənilməlidir. Ölkəmizdə fərqli məzhəblərə məxus şəxslərin birlikdə ibadət etməsi dünyada bəzi dairələrdə islam haqqında yanlış fikirlər formalaşdıranlara ən yaxşı cavabdır. Ölkə Prezidentinin sərəncamı ilə elan edilən İslam Həmrəyliyi ili islam dünyasında həmrəyliyin artmasına tövhə xarakteri daşıyır.
Azərbaycan beynəlxalq miqyasda da islam dəyərlərinin təbliğ edilməsinə çalışır. Ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunu islam ölkələri arasında həmrəylik nümunələrindən biri olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında islamın sülh və mərhəmət dini olduğunu deyib. Qeyd edək ki, terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Bu yaxınlarda Misirdə məsciddə baş verən terror hadisəsi Azərbaycanı dərindən kədərləndirib. Terrordan əziyyət çəkən bir ölkə kimi terrora qarşı qətiyyətli mübarizə aparılmasının tərəfdarıyıq. Bildiyiniz kimi, bizim 20 faizdən çox torpağımız işğal edilib və həmin torpaqlarda islam sivilizasiyasının nümunələri olan məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”.
Bəhruz Həsənov onu da bildirib ki, İƏT çərçivəsində Azərbaycanın islam ölkələri ilə münasibətləri var. Lakin təcavüzkar Ermənistanın bəzi islam ölkələri ilə yaxınlıq etməsi ümumən islam ölkələrinin birliyinə kölgə salır:
“Misirdən olan nümayəndə heyəti ilə söhbətlərimiz zamanı məlum oldu ki, bu ölkə mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yetərli məlumatlar yayımlamayıblar, dolayısı ilə Misir oxucuları bu münaqişə ilə bağlı tam məlumatlı deyil. Bu mənada Azərbaycan mətbuatı da Misir mətbuatı ilə münasibətlərdə aktiv olmalıdır. Hətta Misir Azərbaycan mətbuatı arasında əməkdaşlıq assosiasiyanın yaradılmasını təklif edirik. Qonaqlarımız Cocuq Mərcanlıya da səfər edəcək. İnanıram ki, bu kimi tədbirlərdən sonra Misir oxucusunda Dağlıq Qarabağla bağlı yetərli fikir formalaşdırılacaq”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli bildirib ki, İslam Həmrəyliyi ili islam ölkələri arasında həmrəyliyə bir nümunədir: “Azərbaycanda heç vaxt sünni-şiə məscidi deyə bir ayrı-seçkilik olmayıb. Müsəlmanların çoxluq təşkil etdiyi ölkəmizdə 65 faiz şiə, 35 faiz sünnilərdir. Bu gün cəmiyyətimizdə camaət namazının sünni və şiələrin birlikdə qılınması ənənəsi var ki, bu da dünyada unikal hadisədir. Bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu danılmazdır”.
Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev çıxışı zamanı bu gün islam ölkələri qarşısında duran əsas məqsədin islamafobiyaya qarşı mübarizə və bir-birimizi daha yaxşı tanımaq olduğunu deyib:
“Uzun müddət Küveyt və Misirdə səfir kimi fəaliyyət göstərmişəm.Bizimlə əməkdaşlıq edən bu ölkələrin mətbuat orqanlarına təşəkkür edirəm. Lakin bəzən Azərbaycan mühitində belə fikir var ki, bütün müsəlman ölkələrində qapılar üzümüzə açıq olmalıdır. Ancaq bu, belə deyil. Bunun üçün fəaliyyət göstərmək lazımdır. Çünki bu ölkələrdə də erməni diasporası var, onlar da müəyyən işlər görürlər. Yalnız düzgün məlumatlar təqdim etməklə və onları ölkəmizə dəvət edəndən sonra münasibətlər dəyişir.
İnanmıram ki, hər hansı müsəlman Dağlıq Qarabağ münaqişəsində Ermənistanın tərəfində olsun. Etiraf etməliyik ki, ölkəmizdəki mətbuat azadlığı bəzən yerli mətbuatın ərəb ölkələri ilə bağlı qərb mətbuatına istinad etməsinə imkan verir. Lakin medianın ictimai fikir formalaşdırdığını unutmamalıyıq, dövlətin maraqlarını əsas tutmalıyıq”.
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim çıxışı zamamı bu tədbirin islam həmrəylinin gücləndirilməsinə tövhə verdiyini deyib:
“İctimai rəyin formalaşdırılmasında medianın rolu böyükdür. Bu toplantının keçirilməsi islam ölkələrinin müxtəlif çağırışlarla üzləşdiyi vaxtda çox mühüm əhəmiyyət daşıyır. Bu gün islam ölkələrinin Qarabağ, Fələstin kimi problemləri var. Yaşadığımız dövrdə islamafobiya halları artıb. Həm xaricdən, həm də daxildən bu problemi aktual saxlayanlar var. Bəzən islam terrorla əlaqələndirilir. Lakin terrorun ən dəhşətli nümunəsi torpaqların işğalıdır ki, islam ölkələri bu problemdən əziyyət çəkir. Bu problemlər fonunda media bir açar rolunu oynamalıdır. Çünki media görünməmiş bir çağırışdır, onun müsbət və mənfi tərəfləri var.
Jurnalistlərə bildirmək istəyirəm ki, xəbərləri araşdırmadan təqdim etməməlidir. Bir qrup insan islam ölkələri ilə bağlı hər hansı bir xəbəri təhrif edərək sosial şəbəkədə asanlıqla məlumat yaya bilər. Bu məsələnin araşdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür”.
Qarşılıqlı anlaşmada medianın əhəmiyyətindən danışan Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammad Adil Embarş İslam Həmrəyliyi ili çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil edildiyini deyib: “Prezident İlham Əliyevin belə bir vaxtda İslam Həmrəyliyi ilə bağlı irəli sürdüyü təşəbbüs çox əhəmiyyətlidir və vaxtında atılan addımdır. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında bir çox ortaq cəhətlər var. Hər iki ölkə tolerantlıq, müxtəlifliyə hörmət edən islam dininin düzgün yayılmasında mühüm tövhələr verir”.