“Səhmini satmayan fəhlə işdən azad edilə bilər”
Şampan Şərabları Zavodunun bir qrup fəhləsi redaksiyaya müraciət edib. Bildirirlər ki, zavodun rəhbərliyi tərəfindən onlar qarşısında tələb qoyulub ki, fəhlələrə məxsus olan səhmləri 2 manatdan zavoda satsınlar. Buna etiraz edən fəhlələrə isə işdən çıxarılacağı xəbərdarlıq edilib:
“Zavodun rəhbərliyi işdən azad olunub və bizə bildirilib ki, keçmiş direktorun həbs olunmaq təhlükəsi var. Direktoru müvəqqəti əvəz edən Ənvər Mahmudovun adından isə fəhlələrə bildirilib ki, səhmlərinizi 2 manatdan satın, çünki 98 faiz səhm zavoda məxsusdur, 2 faiz isə fəhlələrə, həmin 2 faiz də zavodun səhm payı olmalıdır. Səhmini satmağa narazılıq edən fəhlələrə deyildi ki, satmaq istəməyən ərizəsini yazıb işdən çıxsın. Ona görə bəzi sürücülər, fəhlələr 2 manata öz səhmini zavoda verdi. Əvvəllər ildə bir dəfə səhmdarlar üçün toplantı keçirilirdi və bunun müqabilində bizə 10-15 manat ödənirdi. Son illər heç bu da yoxdur. Amma elə zavodlar var ki, fəhlələri öz səhm payına görə ayda 300 manat alır. Biz isə nə zavodun gəlirinə cüzi də olsa şərik ola bilirik, nə də səhmimizi yüksək qiymətə satmağımıza imkan verilmir”.
Məsələ ilə əlaqədar zavodun mühasibatlıq şöbəsi ilə əlaqə saxladıq. Özünü təqdim etmək istəməyən mühasib dedi ki, fəhlələr arasında yanlışlıq olub və onlar qarşısında belə bir tələb qoyulmayıb: “Milli depozitdə hər səhmin nominal dəyəri 2 manatdır. Amma kimsə öz səhmini istəsə lap min manata sata bilər. Onlar qarşısında belə bir tələbin qoyulması mümkün deyil. Səhmini satmaq istəməyən işçinin işdən azad olunması mümkün deyil və belə bir tələb də qoyula bilməz”.
Hüquq müdafiəçisi Vaqif Hacıbəyli də bildirdi ki, səhm hər bir şəxsin öz mülkiyyəti olduğuna görə, işçi qarşısında onun satılması tələbi qanunaziddir: “Buna görə səhmdar cəmiyyəti ləğv etmək də mümkün deyil. Həmin şəxslərə hüquqi yardım da göstərilə bilər. Məsələn, elə səhmdar olub ki, öz hüququnu tələb etməyi bacarıb və səhm mülkiyyətinə görə 15 min manat əldə edib. Hər bir səhmdar cəmiyyətin ildə bir dəfə maliyyə hesabatı keçirilməli, gəlirlər müzakirə olunmalı və ona uyğun da fəhlələrə divident verilməlidir. Azərbaycanda bir qayda olaraq fəhlələrə heç bir ödəniş edilmir, yaxud cüzi ödənir. Amma ölkə başçısının da xüsusi tapşırığı var ki, hər bir səhmdar səhmdar cəmiyyətdə fəaliyyətindən imtina etsə, ona müəyyən ödəniş edilməlidir. Ona görə son vaxtlar işçilərə 2500 manat “halallaşmaq haqqı” verilir. Odur ki, fəhlələrdən nominal qiymətə səhm tələbi qanunsuzluqdur”.
Sevil HİLALQIZI