Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunun qəbulu ilə əlaqədar prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və səmərəli icrasının təmin olunması məqsədilə Baş Prokurorluq üzrə geniş Tədbirlər Planı hazırlanaraq 13 noyabr 2017-ci il tarixdə təsdiq olunmaqla icrasına başlanılıb.
Teleqraf.com-un məlumatına görə, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun “Trend” İnformasiya Agentliyində yerləşdirilmiş məqaləsində belə deyilir.
Qeyd olunur ki, tədbirlər planında Baş Prokurorluqda, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarında Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli qanunun müddəalarından irəli gələn məsələlərə həsr olunmuş konfrans və dəyirmi masaların, prokurorluğun struktur qurumlarında bu məsələlərə həsr edilmiş seminarların, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə idarələrarası məşğələlərin keçirilməsi, prokurorluq orqanlarında keçirilən seminar məşğələlərin tematik planlarına yeni qanuna dair mövzuların daxil edilərək öyrənilməsi nəzərdə tutulub:
“Tədbirlər planına əsasən, həmçinin, cinayət qanunvericiliyinə yeni qanunla edilmiş dəyişiklərin mahiyyəti və tətbiqi barədə kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məqalələrin dərc olunması, Baş Prokurorluq üzrə normativ aktların yeni qanuna uyğunlaşdırılması, yeni qanunun dövlət ittihamçıları tərəfindən tətbiqi zamanı yarana biləcək hüquqi məsələlərin həllinə həsr olunmuş seminar məşğələlərin keçirilməsi, yeni qanunun rayon (şəhər) prokurorluqlarının əməkdaşları tərəfindən öyrənilməsi məqsədilə regional müşavirələrin keçirilməsinin təşkili, beynəlxalq tədbirlərdə ölkəmizdə həyata keçirilən humanist cəza siyasətinin təbliği, bu məsələyə dair məlumatları əks etdirən materialların hazırlanaraq paylanılması təmin olunacaq.
Bununla yanaşı, prokurorluğun bütün struktur qurumlarına 13 noyabr 2017-ci il tarixdə yeni qanunun hər bir prokurorluq işçisi tərəfindən dərindən öyrənilməsi, xidməti fəaliyyətlərində düzgün tətbiqi, bu məqsədlə seminar-məşğələlərin keçirilməsi, kütləvi informasiya vasitələrində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması baxımından qanunun mahiyyətini və məzmununu açıqlayan çıxışların edilməsi ilə əlaqədar zəruri göstərişlər verilib”.
N.Əsgərov sonda qeyd edib ki, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun dövlət başçısının imzaladığı, ölkənin hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni mərhələsinin başlanğıcı olan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamında nəzərdə tutulmuş mühüm tədbirlərin həyata keçirilməsi ilə əlaqədar qəbul olunmaqla ölkədə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına böyük töhfə olacaq.