Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasili münasibəti ilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə təltif etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin bir qrup əməkdaşına mükafatların təqdim olunması mərasimi keçirilib.
Bu barədə "Report"a QSC-dən məlumat verilib.
Tədbirdə çıxış edən AXDG QSC-nin sədri Rauf Vəliyev dənizçilərin neft sektorunun inkişafındakı rolundan danışıb. O bildirib ki, onların əməyi hər zaman ölkə başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib. Sədr iki milyardıncı ton neftin hasil edilməsi münasibəti ilə imzalanan sərəncamlarda dənizçilərin unudulmadığının buna sübut olduğunu deyib. Göstərilən diqqətə görə kollektiv adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonra sədr 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Aslan Musayevə, “Əməkdar mühəndis” fəxri adına layiq görülən Fuad Qurbanova, “Tərəqqi” medalı ilə təltif olunan Gündüz Qədimov, Kamil Muxtarov, Adil Şahgəldiyev və Balaoğlan Dadaşeva yüksək mükafatları təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, təltif olunanlardan Aslan Musayev Xəzər Dəniz Neft Donanmasının sabiq əməkdaşıdır. Ümumilikdə, 65 il dənizçi kimi fəaliyyət göstərib. Onun 55 ili sırf neft sənayesi ilə bağlıdır.
Digər beş nəfər isə hazırda AXDG-nin müxtəlif strukturlarında fəaliyyətlərini davam etdiririlər.