6 Dekabr 2017 11:53
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

DGK mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu məlumat əsasında, Bakı şəhərinin Binəqədi rayonu ərazisində DGK, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.

Nəticədə narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Bundan başqa, Elxan Əfrail oğlu Şirinovun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibində 1 ədəd bükümdə, xalis çəkisi 0,634 qram olan həşiş qətranı aşkar olunub.

İstintaqla müəyyən edilib ki, Elxan Şirinov 2017-ci il noyabrın əvvəllərində külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşıma və Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmək barədə İranda və Azərbaycanda adları hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, sözügedən şəxslər tərəfindən Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən, ümumi xalis çəkisi 4930,634 qram olan həşiş qətranını Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzinin yaxınlığında əldə edib.

Beləliklə, Elxan Şirinov şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər