Gələn ilin əvvəllərində Bakıya daxili sərnişindaşıma üçün 350 yeni avtobus gətiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib.
Qurum rəhbəri qeyd edib ki, həmin avtobuslardan 20-nin uzunluğu 18 metr olacaq:
"Bəziləri düşünür ki, Bakıya "qarmoşkalı" avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər".
V.Kərimli bildirib ki, Bakıya gətirilən həmin müasir və iritutumlu avtobusların BakuBus MMC və ya hansısa digər daşıyıcıya veriləcəyi hələ məlum deyil.