Dekabrın 8-də Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.
DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Gürcüstan nümayəndə heyətinin tərkibində isə Gürcüstan Maliyyə Nazirliyinin Mili Gəlirlər Xidmətinin Qeyri-Tarif İdarəetmə şöbəsinin rəisi Zurab Marşania iştirak ediblər.
Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, əlaqələrin davamlı inkişaf etdiyi və qarşılıqlı münasibətlərin güclənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. İki qonşu, dost ölkələr arasında gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqın daha da artırılması, gömrük prosedurlarının və ticarətinasanlaşdırılması, gömrük sərhəddindən malların və nəqliyyat vasitələrinin maneəsiz və operativ qaydada keçirilməsi, həmçinin malların mənşə ölkəsinin müəyyənləşdirilməsi istiqamətində hüquqi tənzimləyici sənədlərin yenidən işlənib hazırlanması üçün məsələlər müzakirə olunub.
Görüşdə bayram qabağı günlərdə gömrük-sərhəd keçid məntəqələrində insan axınının çox olması nəticəsində yarana biləcək sıxlığın vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.