13 Dekabr 2017 11:43
1 189

Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ını təsdiq edib.

Bu Qaydalar tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir.

Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər (təhsil nəticələri) “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” gözlənilməklə nəzərə alınır. Bərpa olunan, təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

Qərar dekabrın 12-dən qüvvəyə minib.

***

Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmayacaq.

Bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.

Qaydaya əsasən tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir. Ölkə daxilində bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.

Aşağıdakı hallarda bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır:

- Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;

- Ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə;

- akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə;

- ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda.

Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın. (Bu tələb əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi zamanı nəzərə alınmır.) Yalnız aşağıdakı hallarda magistratura səviyyəsində (hüquqşünaslıq ixtisası istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır:

- Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə;

- akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (ixtisaslaşması) üzrə kadr hazırlığı aparılmadıqda öz ixtisaslaşması üzrə digər ali təhsil müəssisəsinə və ya həmin müəssisədə öz ixtisasına daxil olan digər ixtisaslaşma üzrə tələbələr sırasına daxil edildikdə.

DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır:

- beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);

- qənaətbəxş akademik göstəriciləri;

- köçürülmə səbəbləri;

- təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması.

Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az ) müraciət edir.

Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir.

Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

Ölkə daxilində köçürülən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyinin razılıq məktubunu aldıqdan sonra 5 iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru, Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi daxil olduqdan sonra, 5 iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

***

Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək.

Bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.

Qaydalara əsasən, tələbə öz arzusu ilə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) və növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda təhsil müəssisəsindən xaric ediləcək. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və yay tətili dövründə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər. Bu qəbildən olan şəxslərin bərpası qış və yay tətili dövründə bu Qaydalarda əksini tapan köçürülməyə dair ümumi tələblərə uyğun həyata keçirilir. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

***

Azərbaycanda tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcəyi açıqlanıb.

Bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.

Qaydaya əsasən tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda, Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə, digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır./APA/


Müəllif: Teleqraf.com