Teleqraf.com Qənirə Paşayevanın Bağdaddakı azərbaycanlı uşaqlardan yazdığı yazını təqdim edir:
“Mən də getmək istəyirəm Azərbaycana”…
“Bizi nə zaman aparacaqsınız buradan”…
Bunlar məsum uşaq yalvarışlarıdır...
Bağdad-Bakı təyyarə reysində olarkən belə, səsləri qulaqlarımdan, mərhəmət gözləyən simaları gözlərimin önündən getmədi. Bakıya çatdım... Ürəyim kədər yüküylə dolu... yenə də o uşaqları, onların imdad diləyən kədər dolu baxışlarını unuda bilmədim…
Beynəlxalq tədbir üçün getdiyim İraqda səfirliyimizin konsulu Zəbi Axundov və səfirlik əməkdaşları ilə birlikdə günlərdir yetimlər evində qalan 20 azərbaycanlı uşağımızı ziyarət etdim. Onları görmək istədim... və gördüm. Hamısının gözündə kədər, acı, üzüntü... İmdad diləyən gözlərlə bizə baxan —Bakıdan gedən Ömər və onun bacı-qardaşı hamısı Bağdadda yetimlər evindədir. Allahdan başqa kimsənin bilmədiyi səbəblərdən dolayı valideynləri ilə birlikdə Azərbaycandan Türkiyəyə, oradan isə Suriyaya gediblər. Yolları sonra İraqa, Təlafərə istiqamət alıb. Niyə gəldiklərini anlatmağa belə ehtiyac yoxdur. Ya gözəl yaşayış ümidilə aldadılmış, ya da beyinləri dini dar olanlar vasitəsi ilə yuyulmuş, ümidini İŞİD terror təşkilatına bağlamış miskin ailələr...
Böyük ehtimalla beyni yuyulmuş, çünki Ömərlə söhbətimizdə onun ailəsi ilə bağlı işlətdiyi bəzi ifadələr də bunu deməyə əsas verir ki, valideynləri ya könüllü, ya da aldadılaraq Suriya və İraqdakı qruplaşmalara qoşulub. Əldə etdiyimiz yarımçıq məlumatlar bunlardır:
Ömər anasını itirib. Atasından isə xəbərləri belə yoxdur. Terrorla mübarizə aparan İraq dövlət gücləri 5 qardaş-bacını taparaq Bağdaddakı yetimxanaya gətirib və bu barədə səfirliymizə xəbər verib.
Sumqayıtlı Mehdi Aslanov. 42-ci məhəllədənik deyir. 4 il əvvəl onun da ailəsi ya könüllü, ya da aldadılaraq buradakı silahlı qruplaşmalara qoşulub. Azərbaycandan onları Pərvin adlı birisi çıxarıb. Onların da marşrutu Türkiyə-Suriya-İraqdır (Təlafər). Valideynlərini itiriblər. İndi dörd uşaq İraq çöllərində yetim qalaraq Bağdaddakı yetimxanaya sığınıblar. Dediklərinə görə, Azərbaycanda nənə-babası var.
Yetim qalmış 4 qardaş-bacının ən böyüyü təxminən 5-6 yaşlarındakı Cəfər. Onun da valideynləri digərlərinin taleyini yaşayıb.
Yetimlər evində 3-4 yaşı olan kiçik aəzrbaycalı qız uşaqlarının üzünə baxmaq insandan güc üstəyirdi. Onların küskün baxışları adamın ürəyini paralayırdı.
Hələ birsi vardı, çox balaca... Ata-anasının kimliyi də məlum deyil. O qədər kiçik ki, özü haqqında məlumat verə bilmir. Ona görə də Azərbaycandakı qohumlarını axtarmaq mümkünsüzdür. Bu məsum balanın adını da yetimxananın gülərüzlü müdirəsi qoyub. Dua adlandırıb onu. Kədərli və acı dolu gözləri var Duanın. İraqdakı səfirliyimizin hər zaman diqqətindədir bu uşaqlar. Allah onlardan razı olsun. Tez-tez baş çəkirlər, əllərindən gələn dəstəyi göstərirlər.
Yetimlər evinə də konsulumuzla getdik... və gördük ki, Türkiyə səfirliyinin təmsilçiləri də yetimxanaya--Türkiyədən gəlib İraqdakı İŞİD silahlı qruplaşmasında vuruşan və ya çalışan, həlak olan ailələrin yetim qalmış uşaqlarına baş çəkməyə gəlib. Bura çox dəhşətli bir yerdir. Demək olar, hər millətdən uşaqlar var. Valideynləri İŞİD terror təşkilatı içərisində İraqda vuruşub və İraq dövlətinin terrorla mübarizəsi zamanı öldürülüblər. İraqda bu təşkilatın nə zülmlər törətdiyini Təlafər türkmanlarından eşitdiyimiz zaman ürəyimiz parçalandı. Başqalarına acımayan bu insanlar demək öz uşaqlarına da acımayıb və onların belə bir cəhənnəmin içərisində yaşadıb. İndi isə uşaqlar da qalıb kimsəsiz, başsız. İnsan dəhşətə gəlir.
Hələ bəzi balaca uşaqların özlərindən böyük bacı-qardaşlarına da terror qruplaşmasının nələr öryətməsini dinləmək dəhştlidir. Onlarda kim bilir nə üçün istifadə ediblər. Canlı bomba kimi, yoxsa necə, bir Allah bilir… Çünki İŞİD terrorundan əziyyət çəkən bölgələrin insanları elə şeylər danışırdı ki, adam dəhşətə gəlirdi.
Bu uşaqlarla söhbət zamanı onların valideynlərinə ürəyim bir azacıq da olsa acımadı. Tam əksinə, bəxtəfər yaşayış üçünmü, dini dar olanların uyduyrmalarına uyaraqmı, hər nə səbəbdənsə, körpə yaşlı uşaqlarını götürüb Suriyaya, İraqa silahlı qruplaşmalara, terror qruplaşmalarına—İŞİD adlı mənfur təşkilata qoşulan belələrinə bir az da olsa acımıram. Amma bu uşaqlara, bu körpə yetimlərə ürəyim çox acıdı, sızladı, çox üzüldüm. Onlar bizim balalarımızdır və valideynləri kimi yanlış yollara düşməsin deyə, onlara vaxtında və daha çox sahib çıxmalıyıq. Yaxşı ki, İraqdakı səfirliyimiz və yetimxana rəhbərliyi onların Azərbaycana qayıtmaları üçün bütün lazımi sənədləri hazırlayıblar. Uşaqların ölkəmizə, yaxınlarına və ya dövlətimizin uşaq evlərinə nə zaman qaytarılacaqları sualına içim paçalana-parçalana, “inşallah yaxın zamanlarda” deyə, söz verdim. Səfirliyimiz də uşaqların Azərbaycana göndərilməsinə gərəkən bütün sənədlərin hazır olduğunu, Bakıya gətirilmələri üçün maddi vəsait ayrılan kimi prosesi gerçəkləşdirəcəklərini söylədilər. Lazım olan vəsait isə uşaqların Azərbaycana gətirilməsi üçün yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir.
Bağdad yetimxanasında gördüklərimdən sonra bütün insanlara, müvafiq qurumlara, əlaqədar təşkilatlara üz tutub ucadan səslənmək istəyirəm. Azərbaycanlıların beynini zəhərləyərək ölkədən çıxarıb Suriyada, İraqda İŞİD adlı terror və silahlı qruplara cəlb edənlərə qarşı sərt addımlar atmalıyıq. Bu şəbəkəyə daxil olanların hamısı tapılıb layiqincə cəzalandırılmalıdır. İnsanların din adı ilə beynini yuyub terror və dini silahlı qrupların ağuşuna atanlara qarşı çox sərt addımlar atılmalıdır və atmalıyıq.
Üzümü KİV-lərə tutub səslənirəm:
...Dostlar, əl-ələ verək, maarifləndirməni genişləndirək. İnsanların beyinlərinin belə şəbəkələr tərəfindən necə yuyulmasına seyrçi qalmayaq, İŞİD terror təşkilatının İslam dini ilə heç bir əlaqəsinin olmamasını, dindarların deyil, dini dar olanların arxasınca getməyin sonunun faciə ilə nəticələnəcəyini anladaq.
...Bağdaddakı yetimxanada qalan uşaqlarla bağlı silsilə yazılar yazaraq bunu daha geniş auditoriyaya duyuraq. Bəlkə dərs və ibrət alanlar olar…
...Izn verməməliyik ki, insanlarımız Suriyada, İraqda terror qruplarına, silahlı dini qruplara qoşulsunlar.
ƏN VACİB MƏSƏLƏ:
... Şəhid olmaq istəyənlər üçün bizim Qarabağ boyda böyük acımız var.
... Şəhid Vətən üçün canını verəndir, kor-koranə kimlərinsə maraqları üçün kimlərəsə qarşı savaşıb həyatını itirənlər deyil.
...İŞİD terrorunun fitvasına həyatını qurbanı vermək Şəhidlik deyil.
Yetimxanadan ayrılanda balaca Əsnatın “bizi unutmayacaqsan, deyilmi?" - deyib, düz gözlərimin içinə baxmasını hələ də unuda bilmirəm. O baxışlar gözlərimi, oradan keçərək qəlbimi yandırdı.
Unuda bilmirəm… Həm də heç unuda bilmirəm…
...Qapıdan çıxanda Mehdinin həyəcanla “bizi tezliklə aparacaqsınızmı”, - sualı elə qəribə, ağrı dolu səslə verildi ki, “çox tezliklə” cavabını necə verdiyimi özüm də bilmədim.
...O uşaqlarla görüşdükdən sonra gecə saat 3 olmasına baxmayaraq, yata bilmirdim. Ürəyimdə ağrı və ağır yük, nəmlənmiş kirpiklərimi qovuşdura, hələ də yata bilmirəm. Düşünürəm ki, o uşaqlar indi evlərinə dönəcəkləri ilə, Azərbaycanın hər şeyə rəğmən, onlara sahib çıxacağı ilə bağlı xəyallar qururlar.
Amma içimdə böyük bir ümid də var. Çünki onlar Azərbaycan adlı bir dövlətin vətəndaşlarıdır və onların valideynlərindən fərqli bir həyata sahib olmaları üçün mütləq dövlət onlara sahib çıxacaq. Və Bağdad yetimxanasında “burada da azərbaycanlı yetimlər var” ifadəsini oraya hər ziyarətə gələn duymayacaq. Bu ağrını mən yaşadım, kimsə yaşamayacaq.
Bu yazdıqlarım isə on minlərlə gəncimiz, ailəmiz üçün bir dərs olacaq. Uşaqlarımızı din adı ilə tora salan dini darlardan qorumaq üçün çox diqqətli olmalıyıq. Çünki islam dini onların törətdiyi əməlləri dəstəkləmir, tam əksinə, barışı, sülhü sevir.
...Birmənalı şəkildə hamı bilməlidir ki, onların dərdi din deyil, onların dərdi başqa maraqlardır və biz uşaqlarımızın bu maraqlara qurban olmasına icazə verməməliyik, verməyəcəyik də.
Əl-ələ, dil-dilə, soz-sözə verək! Balalarımız ətrafında elə bir halqa yaradaq ki, ora heç bir xəbis əl uzanmasın, gələcəyimiz olan balaların mənəviyyatı, gələcəyi şikəst olmasın.