Teleqraf.com Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovla müsahibəni təqdim edir.
– Nadir müəllim, bu yaxınlarda müəllifi olduğunuz “Gəncsən? Başla!” kitabı işıq üzü görüb. Kitabın ərsəyə gəlməsi ideyası necə yarandı?
– Ölkəmizdə şəxsi inkişaf trendi yeni-yeni inkişaf etməyə başlayır. Heç bir tərif və pafos olmadan deyə bilərəm ki, müasir tələbə və müasir gənc bizim dövrümüzün gənclərindən qat-qat bacarıqlı, savadlı və pozitivdir. Bu birmənalıdır. Amma müasir gəncin bir qədər təcrübəsizliyi, özünə inamının olmaması məni bu kitabı yazmağa sövq etdi. Hesab etdim ki, bu kitab da yazılsa, müasir Azərbaycan gənci, tələbəsi üçün faydalı bir resurs olmaqla gənclərdəki suallara cavab tapacaq və onlardakı boşluğu dolduracaq. Yaşlı və orta nəsil gənclərə dəstək verməli, onlarla bölüşməlidir. Kitabın bir ideyası da məhz bundan irəli gəlib. Biz bir çox hallarda gənclərə yalnız qadağalar qoyuruq, bəzən onları bəyənmirik. Hər bir dövrün orta və yaşlı nəslinin əksəriyyəti gənclərə irad tutur. Amma bu kitabın yazılması ilə hesab etdim ki, təcrübədən və həyatdan gələn bilikləri bölüşməklə onlara istiqamət və şəxsi inkişaflarına təkan vermək lazımdır. Əgər biz akademik təhsil alan Azərbaycan gəncinin şəxsi inkişafına təkan versək, şəxsi inkişaf barədə də sağlam və dövlətçilik ruhunda formalaşması onları əvəzsiz gənc vətəndaşa çevirəcək. Kitabın ideyasından çıxış edib, çağırış edirəm ki, gənclərin akademik təhsili ilə yanaşı, şəxsi inkişaflarına da dəstək verməliyik.
Bunu tam əminliklə deyirəm ki, hər bir Azərbaycan gənci çox potensiallıdır. Sadəcə yetər ki, biz onlara istiqamət verək. Kitabın imza günlərində yüzlərlə gənclə görüşürəm, təmasda oluram. Onları elə bil yenidən kəşf edirəm. Bu tələbə və gənclərlə görüşəndə bir daha kitabın yaranması ideyasına görə çox sevinirəm. Həm də bu ideyaya ona görə sevinirəm ki, gənclər bu kitabı oxuyur. Kitabın içində müxtəlif mətnlərdə öz elektron poçt ünvanımı qeyd etmişəm. Həmin ünvana gənclər öz fikirlərini, təkliflərini, iradlarını yazır. Bu ideyaya həm də bir məqama görə sevinirəm. Bəzən deyilir ki, Azərbaycan gənci kitab oxumur. Öz prizmamdan deyirəm ki, Azərbaycan gənci kitab oxuyur, Azərbaycan gənci özünə lazım olan kitabları çox asanlıqla oxuyur.
– Kitabın məzmunu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik...
– Bu, tələbənin akademik deyil, sırf şəxsi inkişaf kitabıdır. Yəni, onun gündəlik, cari planları ilə bağlı bir kitabdır. Kitaba Milli Məclisin Gənclər və idman komitəsinin sədri, gənclərin yaxın dostu Fuad Muradov “Uğur qazanmaq istəyən gəncliyin kitabı” adlı ön söz yazıb. Fuad Muradov ön sözdə gənclərə bu kitabın nə üçün gərəkli olmasından bəhs edib. Kitaba Azərbaycan Universitetinin Elmi Şurası tərəfindən rəy verilib. Rəydə bu kitabın gənclərin şəxsi inkişafı üçün mühüm rol oynayacağı qeyd edilib. Eyni zamanda Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva da “Gəncsən? Başla! Gənclərin bütün suallarına cavab” adlı ön söz yazıb.
Sonra mən tərəfdən oxucuları salamlama var. Daha sonra “Öyrənməyə hazırsanmı” sualı formasında mövzu qoyulub. Bundan sonra əsas hissələr gəlir. Özünə inamdan, ideyalardan, ideyaların reallaşdırılmasından, planlaşdırmadan, məşhur tələbə səhvləri – hansı ki, mən özüm də tələbə olanda həmin səhvləri çox etmişəm – onlardan söhbət gedir. Bu da sırf təcrübədən gəlir. Hansı ki, bu səhvlər gələcək planlaşdırmada, yaxud gələcək karyerada insanı bir qədər geri atır. Yəni, işlər düzgün planlaşdırıla bilmir.
Sonra xaricdə təhsillə bağlı məsələlərə toxunulub. Hansı ki, pulsuz, təqaüd hesabına da xaricdə təhsil almaq olar. Sadəcə, tələbələrin bununla bağlı informasiyası yoxdur, nəyi harda axtarmaq, yaxud hara, necə müraciət etmək lazım olduğunu bilmirlər. Beynəlxalq sertifikatlaşdırma proqramları var. Ola bilsin, bunlar təhsil hesab edilmir. Amma qısamüddətli – 20 günlük, bir aylıq kurslarda ödənişsiz iştirak etmək olur. Onlarla da bağlı məlumat verilir.
Kitabda iş barədə söhbət gedir. Söhbət məzun olduqdan sonrakı işdən deyil, məhz tələbə ola-ola işləməkdən gedir. Bir tələbənin əməyə, cəmiyyətə olan münasibəti, onun öz üzərində işləməsindən bəhs olunur. Bəziləri buna bir qədər başqa cür baxır. Amma tələbə nəyə görə də pul qazanmasın?! O, harda, hansı işlərdə işləyə bilər? Qanunvericiliyin qadağan etmədiyi işlər, bu işlərin onun gələcək karyerası üçün verə biləcəyi faydalara bir fəsil ayrılıb.
“Uğurlu CV – Uğurlu gələcək” başlıqlı hissədə eyni yaşda olan iki tələbə müqayisə olunur. Onlardan birinin CV-si 4 sətirdən, digərininki 3 səhifədən ibarətdir. Onlar heç biri universiteti bitiməyib. Birincidə qeyd olunur ki, filan ildə doğulub, filan orta məktəbi bitirib, filan universitetdə oxuyur. Yəni, çox qısadır. Digərində isə iştirak etdiyi seminarlar, kurslar qeyd olunub. Sonra isə obrazlı bir bənzətmə gəlir. İşəgötürən təbii ki, ikinci CV-yə malik şəxsə üstünlük verəcək. Bəzən tələbə düşünür ki, CV-nin formalaşması üçün gərək məzun olasan, işləyəsən və sair. Amma “Tələbə vaxtı necə CV formalaşdırmaq olar?” məsələlərinə toxunmuşam. Həm də nümunə vermişəm.
Kitabda dil bilgisi ilə bağlı məsələlərə də yer ayrılıb. Düzdür, bu sahədə vəziyyət yaxşıdır, tələbələr başqa dillərdə, xüsusilə Avropa ölkələrinin dillərində danışmağı bacarırlar. Amma nəzərə almaq lazımdır ki, Uzaq Şərqdə – Cənubi Koreyada, Yaponiyada, Çində çoxlu təqaüd proqramları var. Hansı ki, bu dilləri bilməklə o təqaüd proqramlarını qazanıb həmin ölkələrdə master, yaxud postmaster, doktor, PHD təhsili almaq olar. Bu dilləri öyrənməyin önəminə dair gənclərə bir qədər informasiya verilir. Həmin dillərin önəmi, onları harda, hətta pulsuz öyrənməyin mümkün olduğu, bu dillərin karyera quruculuğunda rolu kimi məsələlərdən bəhs olunur.
Tədbirlərdə iştirak məsələlərinə də yer ayrılıb. Yerli və beynəlxalq tədbirlərdə iştirak təbii ki, insanı formalaşdırır. Bununla bağlı qısa məlumat verilir.
Peşəkar çevrə ilə bağlı məsələlərə toxunulub. Sözün düzü, bu məsələ bəzən mənim özümü də narahat edir. Məsələn, tələbələrin sosial şəbəkədəki çevrəsinə, bəyəndikləri səhifələrə baxdıqda düşünürsən ki, bir tələbə bu çevrədən ibarət olmalı deyil axı. O, daha üstün, daha inkişaf etmiş, daha təhsilli çevrədə olmalıdır. Bu məsələlər əlaqələndirilib onlara məsləhət verilib.
Maliyyə savadlılığı ilə bağlı məsələlərə toxunulub. Burda da qeyd etdiyim kimi qanunvericiliyin qadağan etmədiyi işlərdən gələn tələbə gəlirləri, maliyyənin qazanılması, xərclənməsi, ümumiyyətlə maliyyə məsələləri barədə müfəssəl məlumat ötürülür.
Kitabda asudə vaxtın təşkili ilə bağlı məsələlərə toxunulub. Çünki bu məsələ işlə, dillə, kurslarla bağlı məsələlərə də birbaşa təsir edir.
Könüllülüklə bağlı məsələlərə yer ayrılıb. Bundan əvvəl “Könüllülük. Uğur formulu” kitabının həmmüəllifi olmuşdum. Orda daha geniş qeyd edilib. Amma bu kitabda da qeyd etmişəm ki, ümumiyyətlə, tələbələrin könüllülük fəaliyyətinə, könüllü olmasına çox böyük ehtiyac var. Bu fəaliyyət onları daha çox inkişaf etdirir. Mən özüm ASAN Xidmətdə hər gün könüllülərlə təmasdayam. Hətta, Prezident İlham Əliyev ASAN Kommunalın açılışında çox gözəl bir ifadə işlətmişdi. Cənab Prezident bildirmişdi ki, biz könüllülük barədə əvvəl də eşitmişdik, bu barədə bilirdik, amma bunun bir hərəkat kimi formalaşması məhz ASAN Xidmət yarandıqdan sonra mümkün oldu. Nəzərə alın ki, hər bir ASAN Xidmət mərkəzində hər gün 80 könüllü fəaliyyət göstərir. Bu da onların bacarıqlarının, insanlarla təmasda olmaqla kommunikasiya imkanlarının artmasına mühüm töhfə verir. Onlar bununla bir növ özlərinə investisiya qoyurlar. Biz də bu mühiti onlar üçün yaradırıq. Kitabda könüllülüklə, könüllülüyün onların həyatında oynayacağı rolla bağlı məlumat verilir.
Bundan başqa sosial işlərdə iştirakla bağlı xüsusi mövzu var. Çünki sosial işlərdə tələbələrin iştirak etməyə kifayət qədər vaxtı olur və onlar burada da inkişaf edirlər.
Özüm hərbi xidmət keçdiyim üçün hərbi xidmətə münasibətim birmənalıdır. Hesab edirəm ki, hər bir gənc hərbi xidmətdə olmalıdır. Kitabda bununla bağlı müəyyən tövsiyyələr var.
“Valideynlərə sözüm var” başlıqlı hissədə onlarla kiçik dialoq verilir. Onların övladlarının kiçik uğurları, könüllü kimi fəaliyyəti, yaxud əməyə münasibət məsələsində öz tələbə övladlarına yanaşmalarını qeyd etmişəm.
Sonda “Bu, hələ son deyil” başlığı ilə növbəti kitabın anonsunu vermiş oluram. Bütün bu məsələlər I kursdan IV kursadək bir tələbənin etməli olduğu işlərdir. Kitabda xüsusi misallar, aforizmlər, praktik nümunələr verilir. Vaxtın planlaşdırılması və sair məsələləri xüsusi cədvəl formasında vermişəm ki, tələbə bunun analoji versiyasını özü üçün tərtib edə bilsin. Yəni, bizim verdiyimiz cədvəllə tələbənin planları birbaşa uyğun gəlməyə bilər, amma tələbə buna oxşar plan qura bilər.
– Kitabın satışı necə gedir? Nəzərdə tutulan vəsait toplanırmı?
– Biz hesablamışıq ki, mətbəə xərclərini və kitabın hazırlanmasına çəkilən bütün xərcləri çıxdıqdan sonra satışdan əldə olunan vəsait 3 min manat təşkil edəcək və belə desək, mən bu vəsaiti özümə götürməyəcəm. Könüllü olaraq, bu vəsaiti 6 tələbənin hər birinə 500 manat verilməklə sırf təhsil haqqına, yaxud təqaüdünə sərf etməyə qərar vermişəm. Korporativ sosial məsuliyyət çərçivəsində tərəfdaş şirkətlər də bu işə dəstək verir. Bu şirkətlər kitabın pulunu ödəməklə kitabları tələbələrə hədiyyə edirlər. Mən də tələbələrlə görüşdə bu kitabları imzalayıram. Qeyd etdiyim kimi, 6 tələbənin hər birinə 500 manat təqaüd veriləcək. Bununla bağlı universitetlərin Feysbuk səhifələrində açıq elanlar verilir, imza günlərində özüm də bu barədə məlumat verirəm. Tələbələrin bu təqaüdü almaları üçün müəyyən şərtlər var. Təbii ki, tələbə olmaqla yanaşı, onların könüllü kimi təcrübələri də olmalıdır. Təqaüd proqramı da “Könüllü tələbə təqaüd proqramı” adlanır. Könüllü olmaq birbaşa tələbdir. Burda məqsəd həm də könüllü olmağı təşviq etməkdir. Könüllü olmuş tələbələrin kateqoriyası müəyyən edilib. Məsələn, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, ASAN Xidmət, İDEA Təşkilatı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, CAVAN Gənclər Hərəkatı, BMT və elanda qeyd edilən sair nüfuzlu yerlərdə könüllü olanlara üstünlük verilir. Təbii ki, digər yerlər də seçim kimi göstərilir. Tələbə ölkənin inkişafı üçün konkret üç istiqamətin – kənd turizmi, sosial innovasiyalar və informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətinin birində ya vord, ya da pdf versiyada öz ideyasını 15 səhifəlik təqdimat formasında bizə təqdim etməlidir. Qiymətləndirmə Şurasının seçdiyi ideyaların müəllifi olan tələbə gənclər mükafatlandırılacaq. Ola bilsin ki, hətta onların ideyalarının realizə olunması, bu ideyaların maliyyələşdirilməsi üçün biz növbəti mərhələdə tərəfdaşlar axtaraq.
Bəzən biz cəmiyyətdə sosial həssas qruplara dəstək verməyin lazım olduğunu çox eşidirik, amma həm də istedadlı gənclərə dəstək vermək, onların inkişafı üçün maliyyə imkanları yaratmaq lazımdır. Ola bilsin, bir tələbə çox istedadlıdır. Amma bəzən bu gənclər görünmür. Bu gənclərin özlərini göstərmələri üçün sağlam, pozitiv və dövlətçiliyə fayda verən platformalar yaratmaq lazımdır. Fikrim ondan ibarətdir ki, sosial həssas qruplar, imkansız ailələrlə yanaşı istedadlı tələbələrə davamlı dəstək məsələsinə bir vətəndaş olaraq biz də öz töhfəmizi verməliyik. Vətəndaşlıq borcumuz ölkə gənclərinin inkişafına dəstək vermək də olmalıdır. Bu iş təkcə dövlətin işi deyil. Burada dövlətə və dövlət orqanlarına vətəndaş təşəbbüsləri qaydasında bizlər də dəstək verməliyik.
Ola bilsin hansısa tələbə təhsil haqqı ödəməyən bir tələbədir. Amma o da bu müsabiqənin qalibi ola bilər. Həmin vəsait Azər-Türk Bankın kartında qalib tələbəyə təqdim olunacaq. Tələbə isə bu vəsaiti təbii ki, öz şəxsi inkişafı üçün istifadə edə bilər. Yəni, belə bir forma düşündük.
Gənclər bu kitabı alır, oxuyur. Müəyyən şirkətlər bu kitabı gənclərə alıb hədiyyə edir. Yəni, burda hamı bir-birinə bir növ dəstək vermiş olur. Kitabı alan tələbə həm də başqa bir tələbənin təqaüdünə investisiya qoymuş olur.
– Kitab neçə nüsxədə çap olunub?
– 1500 nüsxədə.
– Qiyməti?
– 5 manata satılır. 163 səhifədən ibarətdir, A5 formatda çap olunub.
– Gələcəkdə yenidən çap olunması nəzərdə tutulub?
– Ehtiyac yaranarsa, ola bilər. Artıq 1500 kitabın xeyli hissəsi satılıb. Səhv etmirəmsə, indiyədək 800-dən çox kitab satmışıq. Düzü, biz kitabı kitab mağazalarına da vermişik. Amma təcrübə göstərir ki, kitab imza günlərində daha çox satılır. Fürsətdən istifadə edib dostlara da demək istəyirəm ki, kitab mağazalarına kitab verməklə yanaşı, imza günlərində də kitab satsınlar. Əvvəl-əvvəl özümdə də kompleks yaranırdı. Amma indi görürəm ki, imza günlərində müəllifin özünün iştirakı ilə kitab daha çox satılır.
– Bu kitab Azərbaycanda yeni bir ənənənin əsasını qoyub, desək yanılmarıq. Söhbət cəmiyyətdə tanınan insanların kitabın elektron üz qabığına sima seçilməsindən gedir. Maraqlıdır, kitabın simaları necə seçildi?
– Tam səmimiyyətlə deyirəm, kitabın tanınmasında, özünə mövqe tutmasında simaların mühüm rolu var. Kitab çap edilməmişdən öncə biz bu simalarla gündəmə çıxdıq. “Gəncsən? Başla!” deyən hər sima öz vərdişi, öz hobbisi ilə bağlı fotosunu verdi. Bu foto kitabın üz qabağında öz əksini tapdı. Hər bir sima öz hərəkəti ilə, yəni pozitiv, gəncin inkişafı üçün faydalı olan bir hərəkətin mesajını verirdi. Bu, kitabın böyük uğur qazanmasına səbəb oldu. Kitabın tanıtımının, uğur qazanmasının ən böyük səbəbkarı sırf simalardır. Təbii ki, simalar sonradan kitabın imza günlərində də iştirak etdilər, kitabla bağlı sözlər dedilər. Biz tədbirlərə gedirik, tədbirlərdə simalar da iştirak edirlər. Yəni, kitabı dostlarımız olan simalar vasitəsilə tələbələrə sevdirə, oxutdura bildik. Kitabın simalarının sayı mənim özümün şəxsən tanıdığım, sosial şəbəkədə olan 300 dostumdur. Amma kitab bildiyiniz kimi vahid formada çap olunub.
Fürsətdən istifadə edib kitabın simalarından biri olan “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızına xüsusi minnətdarlığımı çatdırıram. O, kitabın ilk simalarından oldu. Hansı ki, hələ insanlara fikrimizi, bu kitabın – “Gəncən? Başla!”nın nə olduğunu çatdıra bilmirdik.