Azərişıq ASC "Elektrik enerjisindən istifadə qaydaları"na müvafiq olaraq, əvvəlcə borclu şəxslərə borclarını vaxtında ödəmək barədə xəbərdarlıq etməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Namizəd Səfərov deyib.
Onun sözlərinə görə, xəbərdarlıqdan sonra borc ödənilməzsə, "Azərişıq"ın enerjini kəsmək hüququ var.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabineti tərəfindən 2009-cu ildə qəbul edilmiş fərmana uyğun olaraq, sayğaclar pulsuz qoyulur:
“Fərmanda həm də göstərilir ki, istehlakçıya əvvəlcə borcla bağlı xəbərdarlıq edilir. 1 ay müddətində borc ödənilməzsə, təhcizatçının enerjini kəsmək ixtiyarı var. Bu normaldır. Amma bəzi elektriklər vəziyyətdən sui-itifadə edirlər. Xüsusilə də kənd yerlərində böyük problemlər yaşanır”.
Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə bildirib ki, hər şey qanun çərçivəsindədir:
“Xəbər verdiyimiz kimi, debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-u saat 12:00-dan etibarən "Elektrik enerjisindən istifadə qaydaları"na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq”.