"Hesablama Palatası haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi barədə məlumat verən millət vəkili Ziyad Səmədzadə Palatanın fəaliyyətinə yenidən baxılması zərurəti yarandığını bildirib:
“Ölkəmiz inkişaf edib, büdcə gəlirləri son 10 ildə 10 dəfə artıb və bir sıra sahələrdə inkişaf əldə edilib. Həmçinin hazırkı qanunun bir sıra maddələri müasir tələblərə uyğun deyil. Mövcud qanundan kənar dövlət maliyyə və daxili nəzarət məsələsinin differensasiyası verilməyib. Yeni qanunda dövlətin maliyyə vəsaitlərinə nəzarət məsələsi daha da konkretləşdirilib. Bu layihədə maliyyə, uyğunluq, səmərəlilik auditi anlayışları yer alıb. Səmərəlilik auditi, büdcə vəsaitlərindən istifadə məsələsi hər bir quruma uyğun olaraq dəyişir.
Z.Səmədzadə bildirib ki, yeni qanun layihəsində monitorinq məsələsi də nəzardə tutulub.
“Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti obyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ayrı-ayrı əməliyyatların və kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiya qərarlarının yerinə yetirilməsi vəziyyətinin müəyyən edilməsi, mütəmadi və davamlı müşahidə aparmaqla dövlət qurumlarının elektron informasiya sistemləri üzrə məlumatlarının toplanması məqsədilə monitorinq fəaliyyətini həyata keçirir. Kənar dövlət maliyyə nəzarəti obyektindən monitorinqin predmeti üzrə bu qanunla müəyyən edilmiş qaydada müvafiq məlumatlar əldə edilə və həyata keçirilmiş əməliyyatlar üzrə yerində baxış keçirilə bilər.
Həmçinin layihədə göstərilib ki, Hesablama Palatası kollegiyasının qərarlarından kənar dövlət maliyyə nəzarətinin obyekti, aidiyyəti dövlət qurumu və yerli özünüidarəetmə orqanı tərəfindən qərarların onlara çatdığı gündən 30 gün müddətində məhkəmə qaydasında və ya Hesablama Palatasına şikayət verilə bilər. Hesablama Palatası verilən şikayətə 30 gün müddətində baxıb şikayətin təmin edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən imtina barədə qərar qəbul etməlidir. Hesab edirəm ki, bu, son dərəcə ciddi məsələdir”.