Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə əmək pensiyalarının ödənişi həyata keçirilməkdədir. Hər hansı gecikmədən söhbət gedə bilməz.
Bunu Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev pensiyaların gecikməsi ilə bağlı yayılan məlumatlara cavab verərkən bildirib.
Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikası üzrə pensiyaların maliyyələşdirilməsi, eyni zamanda, müvafiq qrafikə uyğun olaraq ayın 13-dək Bakı şəhərinin rayonları üzrə maliyyələşmə tam başa çatdırılıb: “Bundan başqa, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə də pensiyaların ödənişi təmin edilib. Növbəti mərhələdə qrafikə əsasən əhalisi məcburi köçkün olan rayonlar, respublika tabeli şəhərlərdə və respublikamızın digər rayonlarında yaşayan pensiyaçılar pensiyalarını alacaqlar. Beləliklə, əvvəlki aylarda olduğu kimi, hazırkı dekabr ayı üzrə də ölkəmizdə bütün əmək pensiyalarının vaxtlı-vaxtında maliyyələşdirilməsini təmin etmək üçün iş aparılır”.
Elman Babayev qeyd edib ki, maliyyələşmənin əvvəlki aylarda olduğu kimi gecikmə olmadan başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bəzi saytlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə əmək pensiyalarının ödənişinin gecikməsi barədə xəbərlər yayılıb.