16 Dekabr 2017 13:40
711

Bu gündən 17 nömrəli marşrut xətti üzrə Baku Bus avtobusları sərnişinlərə xidmət göstərməyə başlayıb.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, 17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısının dəyişdirilməsinə səbəb qeyri-qənaətbəxş fəaliyyət səviyyəsi olub: “Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmayıb, çatışmazlıqlar aradan qaldırmayıb. 17 nömrəli marşrut xətti ilə bağlı sərnişinlərdən də “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub.

Agentlik nöqsanlar barədə dəfələrlə marşrut daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq eləsə də, heç bir ciddi tədbir görülməyib”.

Mais Ağayev qeyd edib ki, bu gündən 17 nömrəli müntəzəm marşrut xətti üzrə BakuBus MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət etməyə başlayıb: “Bununla nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20 olacaq”.


Müəllif: İlhamə Əbülfət