Həmid Herisçi çox istedadlı yazardır, əsərlərini də zövqlə oxuyuram, ancaq bu cavab xarakterli mətnin müəllifliyinin ona məxsus olduğuna ilk öncə inana bilmədim.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında tanınmış yazıçı Həmid Herisçinin bir neçə gün öncə saytımıza Pişəvəri və Xiyabani haqda açıqlamasını şərh edərkən yazıb.
“Bəzi adamlar ya mətni oxuyub anlamırlar, ya da sözün məsuliyyətini anlamadan sağa-sola tolazlayırlar. Məsələnin qısa təsviri bu: Əkrəm Əylislinin yubileyi ilə bağlı bir məqalə yazmışam, orada tarixdən, o cümlədən Pişəvəri və Xiyabaninin vaxtilə bizi xilas etmiş türklərə qarşı çıxmaqla buraxdığı səhvlərdən də misallar gətirmişəm və göstərmişəm ki, bu cür səhvlərə görə adamlara qəti şəkildə düşmən damğası vurmaq yanlışdır. Həmid bəysə fakta münasibət bildirmək əvəzinə mənə tarixi şəraiti, adamların ideologiyasını anlatmağa çalışıb. Bu cür cavab açıqlamaları yenə də normal qəbul oluna bilər. Lakin Həmid bəy yazır ki, bu mövzuda daha ciddi tarixçilərin, mütəxəssislərin yazması doğrudur. Mən də eləmədim tənbəllik, televiziyada səhər proqramında Həmid Herisçi analitik yorumlar verirdi, dərhal televizoru söndürdüm və özümə söz verdim ki, televiziya proqramlarında bu cür yorumları daha ciddi və bu sahənin mütəxəssislər verməyincə, verilişə bir daha baxmayacağam. Bütün məsələlərdə kompromis bu cür yaranır”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa 1918-ci ildə Pişəvərini Nuru Paşa ordusu ilə Bakıya girərkən erməni cəlladlarından qisas aldığı vaxt ermənilərə qarşı törətdiyi vəhşilikdən yazmaqda, Xiyabanini isə 1918-ci ildə Güney Azərbaycanı erməni qətliamından xilas etməyə gəlmiş türk ordusuna qarşı ermənilərlə birlikdə hərəkət etməkdə günahlandırıb. Həmid Herisçi isə bu fikirlərin əsassız olduğunu deyib və Fazil Mustafaya ona aid olmayan məsələlərə qarışmamağı məsləhət görüb.