18 Dekabr 2017 12:40
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Velosipedi cərimə meydançasına aparmaq olmaz.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ekspert Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, qanunla velosipedin yalnız bircə halda cərimə meydançasına aparılması halı yarana bilər:

“Velosipedi idarə edən şəxs sərxoşdur və yol hərəkəti qaydalarını pozursa, belə bir tədbirin görülməsi mümkündür. Özü də bu addım velosipedçinin sərxoş olduğuna görə atılmır. Sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozan şəxs kimi DYP əməkdaşları onu hərəkətdən kənarlaşdıra bilərlər. Yəni nəzəri olaraq belədir.

Amma praktiki olaraq onu cərimə meydançasına aparmaq qeyri-mümkündür. Çünki velosipedi sahibinə bağlayan hər hansı sənəd olmur. Velosipedin nömrəsi yox, qeydiyyat şəhadətnaməsi yox... Yəni polis əməkdaşları həmin şəxsi hərəkət zolağından, yoldan kənarlaşdırıb, “bu velosipedi sürmə” deyə bilərlər”.

Ekspert əlavə edib ki, velosipedi hansısa yolda sürmək üçün icazə lazım deyil:

“Dünən baş vermiş hadisə ilə bağlı bir məqam var. Hava limanı yolu avtomagistral sayılmır, orada velosipedlə hərəkət etmək olar. Sadəcə 1 cərgə ilə yolun sağ tərəfi ilə hərəkət edilməlidir.

Deyirlər, 35 velosipedçi olub. Orda həmin velosipedçilər bir-biri ilə dal-qabaq getməli idilər. İki cərgədə getmək qadağandır və təhlükəlidir. Qanuna görə, həmin 35 nəfər bir cərgə ilə getməklə yanaşı 10 nəfərlik 4 qrupa bölünməlidirlər. Qruplar arasında da 100 metrlik məsafə olmalıdır. Böyük ehtimalla həmin velosipedçilər 2-3 cərgədə gediblər.

Amma bu hərəkətə görə də cərimə nəzərdə tutulmur. Sadəcə, yol polisi saxlayıb, xəbərdarlıq etməli idi ki, bir cərgə ilə sürsünlər”.

Ərşad Hüseynov qeyd edib ki, velosiped yarışları keçirilirsə, icazə yox, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmalıdır. Yol bağlanmalı, hərəkət məhdudlaşdırılmalıdır.

Xatırladaq ki, dünən velosiped idmanının şose növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun 35 nəfər üzvü yol polisi tərəfindən saxlanılıb. Onların velosipedinin cərimə meydançasına aparıldığı deyilir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər