Dekabrın 19-da Lənkəran şəhərində keçiriləcək “Çay, çəltik və sitrus meyvələri” festivalına hazırlıq işləri yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, festival Heydər Əliyev xatirə parkında təşkil olunacaq.
Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bayram ab-havasında bəzədilən parkda “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Gözəlliyi damla-damla topladıq”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi - ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və s. adlı örtülü pavilyonlar quraşdırılıb.
Örtülü pavilyonlarda Lənkəranda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı malları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. Rayonun sənaye müəssisələri, kəndli-fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün yerli, təbii çay və müxtəlif şirniyyatlar, çərəzlərdən ibarət çay dəsgahı təşkil ediləcək.
Bundan başqa, tədbir iştirakçılarına ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan "Haşimi", "Sədri", "Campo" düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin ləziz təamlarından olan "Ləvəngi"dən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.
Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.
Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.