Azərbaycanda3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmamasının əsas səbəbləri onların yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisəsinin olmaması və ya az olmaması, xəstəlik və ya əlillik, həmçinin özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin yüksək olmasıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Təhsil Problemləri İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi üzrə yekun hesabatda qeyd edilib.
Məlumatda qeyd edilib ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır. “Hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər.
Özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur”.
Hesabatda qeyd edilib ki, 2019-2020-ci dərs ilində ölkə üzrə 147492 uşaq məktəbəhazırlığa cəlb ediləcək: “Bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini əhatə edəcək. Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevrin, 2401 nəfəri Abşeronun payına düşəcək.
Azərbaycanda 2016-ci ildə məktəbəhazılıq yaşında (5-6 yaş) yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və şəhərlərdə nisbətən yüksək, rayon və kənd yerlərindəı isə daha aşağı səviyyədə olub”.