Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com-un məlumatına görə, fərmana əsasn “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilir (əlavə olunur).
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” təsdiq edilir (əlavə olunur).
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Agentliyə tapşırılır ki, dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin; dövlət qeydiyyatına alındığı gündən etibarən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin; işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində təsdiq etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.