20 Dekabr 2017 11:53
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan seçicisi ölkə prezidentinin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və prezidentin fəaliyyətinə böyük ümid bəsləyir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqatının nəticələrində qeyd olunub.

Tədqiqat barədə bugünkü mətbuat konfransında məlumat verən İctimai Birliyin sədri İradə Yaqubova bildirib ki, 2017-ci ilin noyabr-dekabr aylarında keçirilən ekspress rəy sorğusu ölkənin 68 rayonunu (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) əhatə edib.

“Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və bundan yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə sorğu zamanı 4560 respondentin rəyi öyrənilib. Sorğu ilə əhatə edilmiş yaşayış məntəqələrinin 36,2%-i şəhər, 4,9%-i qəsəbələr, 58,9%-i isə kəndlər təşkil edib.

Respondentlərin 49,2%-ni kişilər, 50,8%-ni isə qadınlardır.Rəyi soruşulanların yarısından çoxu, yəni 53,7%-i orta təhsillidir. Orta ixtisas təhsillilər 18,3%, ali təhsillilər 17,0%, aspirant və elmi dərəcəsi olanlar isə 0,1% təşkil edib.

Respondentlərin 7,9%-i orta təhsilə malik olmayanlar olub. Məşğulluqlarına görə respondentlərin 17,1%-i dövlət sektorunda, 22,4%-i özəl sektorda, 14,8%-i özünə işləyən, 2,2%-i tələbə, 11,0%-i işləməyən təqaüdçü, 8,9%-i işsiz, lakin iş axtaran, 23,6%-i isə evdar qadın olublar”.

İradə Yaqubova bildirib ki, Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92,8%-i vəziyyəti sabit kimi qiymətləndiriblər.

“Rəyi soruşulanların 3,9%-i vəziyyəti qeyri-sabit, 3,3%-i isə cavabdan imtina ediblər. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə hansı istiqamətdə inkişaf etdiyini - düzgün, yaxud yanlış - qiymətləndirən respondentlərin 83,7%-i inkişaf istiqamətini düzgün, 4,8%-i yanlış kimi qiymətləndiriblər. Rəyi soruşulanların 11,5%-i cavab verməkdə çətinlik çəkiblər”.

Onun sözlərinə görə, rəyi soruşulanlara ölkə Prezindentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi təklif olunub. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4%-i bu siyasəti dəstəklədiklərini, 4,5%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 4,1%-i cavab verməkdə çətinlik çəkiblər.

“Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (84,7%-i) bu siyasəti dəstəklədiklərini, 5,5%-i isə dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 9,8%-i cavab verməkdə çətinlik çəkiblər. Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlər ilk növbədə ordumuzun aprel döyüşlərindəki qələbələri və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlını qeyd ediblər (67,4%).

Mehriban Əliyevanın Birinci Vitse-Prezident seçilməsi (62,9%), Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı (59,3%), ASAN Xidmət mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti (57,6%), yeni infrastrukturun yaradılması (51,6%), yeni məktəblərin tikilməsi və açılışı, eləcə də yeni uşaq bağçalarının açılışı (43,9%), beynəlxalq müsabiqələr/yarışlar/tədbirlərin keçirilməsi (35,4%), yeni iş yerlərinin açılması (34,8%), bölgələrə gedən yolların bərpası (34,6%), rayonların qazlaşdırılması (31,2%), neft müqaviləsinin bağlanması (27,3%), məcburi köçkünlərə/şəhid ailələrinə evlərin verilməsi (21,0%), abadlaşdırma işlərinin aparılması (20,3%), “Qarabağ” futbol klubunun beynəlxalq arenada tanınması /idmançılara diqqətin gücləndirilməsi (16,7%), rüşvətxor məmurların işdən çıxarılması (15,9%), pambıqçılığın /baramaçılığın /tütünçülüyün inkişafı (15,4%) və digərləri də rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndiriblər”.

İradə Yaqubovanın sözlərinə görə, rəyi soruşulanların 67,2%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd edib:

“Respondentlərin 16,9%-i bəzən iştirak etdiklərini, 12,0%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 3,9% təşkil edib. Səs verənlərin cavablarını cins nöqteyi-nəzərdən təhlil etdikdə, qadınların seçkilərdə iştirakının bir qədər zəif olduğu müşahidə olunur. Bu hal demək olar ki, ənənəvidir. Sorğu zamanı respondentlərə gələn həftə ölkə Prezidenti seçkiləri keçiriləcəyi halda, ölkə Prezidenti İlham Əliyevə səs verəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəklərini bildirib. 5,1%-i dəstək verməyəcəyini bildirib, 9,7% respondent isə cavab verməkdə çətinlik çəkiblər”.

Onun sözlərinə görə, seçki ərəfəsində seçkilər və namizədlər barədə məlumatı əsasən hansı mənbələrdən aldıqlarını qeyd edən respondentlər ilk növbədə dövlət televiziyası/radiosunu qeyd ediblər (78,6%).

“Növbəti təsiredici mənbə kimi, özəl televiziya/radio göstərilib (49,4%). Yeni elektron KİV növü olan İnternet də kənarda qalmayıb. Belə ki, rəyi soruşulanlar İnternet saytlarını (31,3%) və sosial şəbəkələri (29,7%) seçkilərə dair informasiya mənbəyi qismində qeyd ediblər. Keçən sorğularda olduğu kimi, tanış və qohumların da rəyləri (21,7%) nəzərə alınır”.


Müəllif: Gülxar

Oxşar xəbərlər