Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbulu başa çatıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 1-dən başlayan qeydiyyat və sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılıb.
Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 99 ərizə qeydiyyata alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 21-22 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.