22 Dekabr 2017 08:42
2 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürək-damar xəstəliklərinin artmasına səbəb tibbin inkişafıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tibb elmləri namizədi, həkim-kardioloq Üzeyir Rəhimov son illər ürək-damar xəstəliklərinin artması səbəblərindən danışarkən deyib.

Onun sözlərinə görə, tibb inkişaf edikcə insan ömrü uzanır:

“Əvvəllər bu qədər uzunömürlü insan yox idi. Tək-tük 70-i keçənlər olurdu, onlar da daha çox rayon və kənd yerlərində yaşayırdılar. Amma hazırda 75, 80, 90 yaşında xəstələrimiz var.

Əvvəllər bir adam 50 yaşında öləndə tibb inkişaf etməmişdi deyə, bilinmirdi nədən ölüb. Deyirdilər, yaşlı adamdır. Yaş artdıqca insanlarda ürək-damar və onkoloji xəstəliklər güclənir. Yaşın artması ilə bunların meydana gəlməsi təbii bir şeydir.

Bu xəstəliklərin qarşısını necə almağa gəldikdə, ən doğru şey insanların vaxtaşırı müayinədən keçməsidir. Nəslində ürək-damar problemləri olan insanlar şikayətləri olmasa belə, yoxlamadan keçməlidirlər. Ümumiyyətlə, 40 yaşından sonra kişilər, 45 yaşdan sonra isə qadınlar ildə bir dəfə mütləq kardioloqun müayinəsində olmalı, şəkəri, xolesterinini, təzyiqini yoxlatmalıdır. Bunlar mütləq nəzarət altında olmalıdır.

Siqaret çəkirsə, tərgitməli, hərəkət qabiliyyətini artırmalıdırlar. İnsanlar çoxlu piyada gəzməlidir.

Sağlam həyat tərzi sürmək lazımdır. Yağsız və qırmızı ətin az olduğu dietadan istifadə edilməlidir. Risk altında olan xəstələr mütləq dərman qəbul etməli və düzənli şəkildə həkim nəzarətində olmalıdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən, ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər