22 Dekabr 2017 18:04
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin təmsilçiləri ilə (Azerbaijan Public Relations Association-APRA) görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ictimaiyyətlə əlaqələrin düzgün qurulması son dərəcə vacibdir. O qeyd edib ki, Azərbaycan qanunvericiliyində bununla əlaqədar xüsusi müddəalar var:

“Bu müddəalara əməl edilməsi mütləqdir. Ancaq ictimaiyyətlə əlaqələrin düzgün qurulması eyni zamanda peşəkarlıq məsələsidir. Söhbət yalnız ondan getmir ki, cəmiyyət informasiya ilə təmin edilsin. Bu sahə elmi yanaşma da tələb edir. İnanıram ki, yeni təsis edilmiş Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyi mövcud istiqamətdə faydalı işlər görəcək. Çünki qurumda öz sahəsinin biliciləri olan şəxslər toplaşıblar. Onların təşkilatlanması yenilikdir. Yeniliyin əməli iş müstəvisində özünü göstərməsi vacibdir. Buna görə də Mətbuat Şurası quruma hər cür dəstək göstərməyə hazırdır”.

Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin sədri, “Veysəloğlu” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov rəhbərlik etdiyi birliyin məqsəd və vəzifələri barədə söz açıb. O bildirib ki, APRA ölkənin dövlət qurumlarının, tanınmış şirkətlərinin cəmiyyətə informasiya verilməsinə məsul strukturlarının rəhbərlərinin birləşərək yaratdıqları qurumdur. Təşkilatın yaranmasında məqsəd ictimaiyyətlə əlaqələr sahəsində tədrisin mükəmməlləşdirilməsi, kadr potensialının artımı üçün şəraitin yaradılması və bu sahənin hərtərəfli, keyfiyyət və kəmiyyət baxımdan inkişafına nail olmaq, mövcud istiqamətdəki proseslərə dəstək göstərməkdir.

Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə eyni zamanda bildirilib ki, ölkəmizdə bu sahə yeni olduğundan PR menecerləri, PR agentliyi və biznesin PR strukturunu peşəkar səviyyədə birləşdirəcək və fəaliyyətini əlaqələndirəcək təşkilata ehtiyac var. Assosiasiya PR tətbiqi sahəsində yüksək peşəkarlığa və etik standartlara riayət edilməsinə kömək edəcək. Qurum habelə ictimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına şərait yaradacaq.

Görüşdə həmçinin 2018-ci ilin aprel ayında Bakı birinci PR Forumunun keçiriləcəyi və prosesə APRA-nın da müvafiq dəstək göstərəcəyi vurğulanıb.


Müəllif: Sәxavәt

Oxşar xəbərlər